Qurban Qurbanov "Linkoln"la matç haqqında: "Komandamız optimal formadan uzaqdır, ehtiyatlı olmalıyıq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində sabah "Linkoln"la keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.
MediaSport.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutmuş son məşqdən öncə təşkil edilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Komandanın optimal formadan bir qədər uzaq olduğunu deyən Qurbanov sabahkı görüşdə diqqətli olmağın vacibliyini diqqətə çatdırıb:
“İlk oyun heç də asan olmadı. Komandamız optimal formasından uzaqdır. Deməzdim ki, istədiyimiz dinamikanı meydanda göstərə bilirik. Amma ümumən oyuna ciddi yanaşırıq. Meydanda yaxşı müdafiə olunan rəqiblə mübarizə olacaq. Yaxşı nəticə qazanmaq istəyirik”.
Baş məşqçi yeni transferlər Juninyo və Patrik Andradenin hələ hazır olmadıqlarını etiraf edib: “Onların hazırlığı bizi qane edəcək səviyyədə deyil. Məşqlərdə səylə çalışırlar. Juninyonun ən azı sonradan meydana çıxmasına sabah qərar verəcəyik”.
Q.Qurbanov qarşılaşmanın Bakı Olimpiya Stadionuna salınmasının onlar üçün ciddi problem olmadığını vurğulayıb: “Bakı bizimdir, hər yeri doğmadır. Əlbəttə ki, azarkeşlərin rahatlığını da düşünmək istərdik. Oyunlarımızın çoxunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiririk. Azarkeşlər üçün də ora gəlmək bəlkə rahat olar. Amma Bakı Olimpiya Stadionunda da maraqlı oyunlarımız olur. İnanmıram ki, buna görə hansısa çətinliklə üzləşək”.
O, yeni transferlərin olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: “Düşünmürəm ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Yaxşı kollektiv formalaşıb, hamısı çox istəklidir. Əlavə 1-2 oyunçu götürə bilərik. Olmasa belə, əlimizdəki heyət bizi qane edir”.
Qeyd edək ki, oyun sabah saat 20:00-da başlanacaq. Tərəflər arasında ötən həftə Cəbəllütariqdə oynanılmış matç ağdamlıların qələbəsi ilə başa çatıb - 2:1.