"Qarabağ" son Çempionlar Liqası matçında 7 qol vuraraq bizə mesaj verdi" - "Dinamo"nun baş məşqçisi
"Qarabağ" son Çempionlar Liqası matçında səfərdə 7 qol vuraraq bizə mesaj verdi. Bu, bizim üçün böyük xəbərdarlıqdır. Uzun müddətdir bir yerdə çıxış edən ciddi komanda ilə qarşılaşacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Sergey Yakiroviç deyib.
Zaqreb təmsilçisinin 47 yaşlı çalışdırıcısı bu gün "Maksimir"də baş tutacaq ilk oyun öncəsi fikirlərini bölüşüb:
"Oyuna maksimum köklənməliyik. Onlar ötən mövsüm "Bayer"i çətin duruma saldılar. Bilirik ki, fərdi ustalığı yaxşı olan oyunçulara malik komandadır. Rəqibin hücum xəttində çox yaxşı oyunçular var. Abdullah Zubir, Yassin Benzia, Juninyo, Julio Romao - bu dörd oyunçu ən böyük təhlükədir. Onların müdafiəsinin necə olduğunu isə görəcəyik. İstəyərdim ki, ilk görüşdə hər şey həll olunsun, amma bilirəm ki, bu, hələ birinci hissədir. Çempionlar Liqasında zəif rəqib yoxdur, hamısı öz ölkələrinin çempionudur".
Xatırladaq ki, qarşılaşma bu axşam Bakı vaxtilə saat 23:00-da başlanacaq.