Şeydayev Qurban Qurbanovu kövrəltdi - EKSKLÜZİV AÇIQLAMA+VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-2023-cü illər mövsümünün son oyunu "Qarabağ" - "Turan Tovuz" qarşılaşmasının ardınca stadionda maraqlı anlar yaşanıb.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun Tailanda gedəcəyi gözlənilən Ramil Şeydayevlə vidalaşması xüsusi diqqət çəkib.
Tərəflərin sağollaşması təxminən dəqiqə yarım çəkib, hər ikisi kövrəlib. Qurban Qurbanov forvardla vida haqqında mediasport.az saytına bunları dedi:
"O hissləri indi izah eləmək çətindir, ani bir şey idi. Ramilin həm xasiyyətini, həm özünü çox istəyirəm. Kişi xarakterli futbolçudur. Üzdə elə də görünməsə də, çox vətənpərvərdir. Azərbaycanlılara dəyər verən biridir. Ümumiyyətlə, bir-birimizə təşəkkür etdik. Ümumi söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Bəzi nüanslar olur ki, buna hazır olmalıyıq. Təkcə futbolçu kimi yox, kollektivimizdən əsl vətənpərvər birini başqa ölkəyə yola saldıq. Böyük ehtimalla gedəcək. İkimiz də duyğulandıq".
Bildirək ki, Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubu ilə anlaşıb.
Elvin