"Ayxan Abbasov: "Unutmayaq ki, bu gün qarşımızda "Qarabağ" var idi"
"Turan Tovuz" Premyer Liqasının 19-cu turu çərçivəsində evdə lider "Qarabağ"a 2:3 hesabı ilə məğlub olub.
mediasport.az xəbər verir ki, oyun haqda fikirlərini bölüşən Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov üçüncü dövrəyə xalla başlamaq istədiklərini deyib.
- Azarkeşlərimizin qarşısında oynayırdıq. Maraqlı oyun oldu. Azarkeşlər futboldan zövq ala bildi. Son dəqiqlərdə buraxılan qol bir az ümidsizlik yaratdı. Amma futbolçularımdan razı qaldım. Növbəti oyunlara hazırlaşacağıq. Zədəli oyunçularımız artıq qayıdıblar. Siyanda Xulu bu gün ikinci hissədə meydana daxil oldu. Henri hələ tam formada deyil. Yeni oyunçulardan Denis Marandiçi komandaya uyğunlaşır. 90 dəqiqə mübarizə aparmağa gücü çatmır. Uzun müddət futbolsuz qalıb. Ümumən futbolçulardan razı qaldım.
Gənc mütəxəssis müdafiənin mərkəzində boşluq verdikərini deyib: "Qışa qədər ən yaxşı cəhətimiz standart vəziyyətlər idi. Bu gün təəssüf ki, rəqib bütün qolları başla vurdu. Daha diqqətli olmalıyıq. "Qarabağ"a qarşı hücumda oynayırsansa, müdafiədə boşluqlar olacaq. İnkişaf etmək istəyiriksə, belə risklər etməliyik. Heyətdə rəqabət var. 4-5 gündən bir oyunlar olur, rotasiyalar edəcəyik. Unutmayaq ki, bu gün qarşımızda "Qarabağ" var idi".