"Bu tip komandalara qarşı adlı-sanlı rəqiblər də çətinlik çəkirlər"
Azərbaycan milli komandası "FİFA series - Edition 2024" layihəsi çərçivəsində Bakıda Monqolustan seçməsini 1:0 hesabı ilə məğlub edib.
Mediasport.az "Sportal" istinadən xəbər verir ki, yığmamızın məşqçisi Arif Əsədov qarşılaşmadan sonra keçirilən mətuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yeni ildə ilk qələbəyə görə hər kəsi təbrik edirəm. Çətin oyun oldu. Belə olacağını bilirdik. Analiz edəndə də görmüşdük ki, rəqib daha çox müdafiədən oynayır. Məşqlərdə bunun üzərində işləyirdik. Belə oyunlarda tez qol vurmaq lazımdır ki, oyun sonradan daha rahat getsin. Komanda səbrli oynadı, hiss edirdik ki, qol vuracağıq. Sonda da olsa, qol vurub qalib gəldik.
Sosial şəbəkələrdə tənqidi fikirlər çoxdur ki, bu cür rəqibi güc-bəla ilə uduruq. Bu fikirləri haqlı sayırsız?
- Hər fikrə hörmətlə yanaşırıq. Dünya futbolunda da olur ki, bu tip komandalara qarşı adlı-sanlı rəqiblər də çətinlik çəkir. Fərdi keyfiyyətlər hesabına lazım gəlir ki, bu tip komandalara qol vurasan. Biz bu cür rəqiblərə qarşı az oynamışıq. "Bir nömrə" ilə oynadığımız futbola alışmadığımız üçün zamana ehtiyacımız var. Daha çox rəqiblərə qarşı "iki nömrə", yəni, müdafiədən oynayırıq.
Ramil Şeydayevin performansından razı qaldız?
- Ramil çox az oynayır klubunda. "Qarabağ"dakı Ramili nəzərə alsaq, indiki ilə fərq var. Əsas odur ki, çalışır. Belə oyunda məsuliyyəti üzərinə götürməlisən. O da bunu edirdi. Biz də ümid edirdik ki, Ramil rəqibi aldadıb say çoxluğu yaradacaq. Tam əvvəlki Ramil olmasa da, əlindən gələni edir.
Bolqarıstana qarşı tam başqa heyət görə bilərik?
- İki oyunu da düşünmüşük. İki fərqli rəqiblə iki fərqli sistemlə oynaya bilərik. Hansısa dəyişiklik ola bilər.
Qol son dəqiqələrdə oldu. Hansı hissləri keçirirdiz?
- Futboldur da, hər şey olur. Təbii ki, qələbəni daha çox istəyirdik. Artıq 80-ci dəqiqədən sonra bir az həyəcan hissi var idi. Ona kimi inanırdım ki, vuracağıq. Tez vursaydıq, qollarımızın ardı da gələcəkdi. Əvəzetmələrdə də "va-bank" getdik, hücum resurslarından istifadə etdik ki, qol vuraq. Gözləyirdim. Amma sonlarda həyəcan da var idi.
Bolqarıstanla oyunda da "bir nömrə" ilə oynayacağıq?
- Onların bugünkü oyununa baxdıq. Serbiya və Macarıstanla matçlarını da izləmişik. Analizlər etmişik. Tanzaniya ilə oyunlarını da təhlil etdikdən sonra qərar verəcəyik. Evdə oynayırıq. Rəqibə hiss etdirməliyik ki, ev sahibi bizik. Bolqarıstanla görüş üçün bəzi dəyişikliklər olacaq. Bəlkə müdafiə xəttində oldu.