Qurban Qurbanov: "Şahruddinlə bağlı sual verməyə həmişə tələsirsiz"

Qurban Qurbanov: "Şahruddinlə bağlı sual verməyə həmişə tələsirsiz"

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk oyununu Polşada keçirib.

MediaSport.az xəbər verir ki, Ağdam klubu Çestoxovada "Rakuv"un qonağı olub.

Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov meydan sahiblərinin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis matçın əsl Çempionlar Liqası oyunu olduğunu deyib, görüşün ədalətli nəticəsinin bərabərlik olduğunu bildirib:

- Meydanda iki çox yaxşı kollektiv var idi. İlk hissədə bəlkə daha qapalı futbol getdi. Fasilədən sonra boş zonalar daha çox oldu. Ümumən futbolçularım çox əziyyət çəkdilər. Bu futboldur, elə hallar olur ki, qaçılmazdır. Kənardan hər şey fərqli görünə bilər. Amma epizoda yaxın olsan, başqa fikirdə ola bilərsən. Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Transferlərimizi yerli-yerində etməyə çalışırıq. İstənilən an ola bilər. Əvvəlcədən heç nə deyə bilmərəm. Komandamdan razıyam. Buraya hücum futbolu göstərməyə gəlmişdik. Düşünürəm ki, futbolçularım bunu bacardılar. Şahruddin və ya digər futbolçular barədə sual verməyə, transfer məsələlərinə tələsirsiniz.

O, futbolçularının çox yaxşı oyun göstərdiyini söyləyib: "Hər birindən həddindən artıq razı qaldım. Həqiqətən əsl Çempionlar Liqası matçı idi. Böyümək üçün faydalı oyun oldu. Rəqibi daha yaxından tanıdıq. Bakıda daha diqqətli olmağa çalışacağıq. "Rakuv" elə komandadır ki, futbolçuları ani diqqətsizlikdən qol vura bilirlər. İnanıram ki, evdə daha yaxşı oynayacağıq".

Qurbanov "Rakuv"la matçda fərdi səhvlər və diqqətsizlik olduğunu gizlətməyib: "Rəqibin necə hücum edəcəyini, demək olar ki, bilirdik. İlk qol texniki səhvdən buraxıldı. Düzülüşdə bir az gecikdilər. Bilmirəm, bəlkə kənardan fərqli görünür. Oyuna yenidən baxacam. İlk hissədə xeyli sayda qol epizodlarımız oldu. İkinci yarının hardasa 10-15 dəqiqəsində əvvəlki dinamikanı yaxalaya bilmədik. Get-gedə fəallaşmağa başladıq. "Rakuv" oyuna görə bizi üstələmədi. Düzdür, qollar vurdular. Üçüncü qol sırf fərdi ustalıqla bağlı idi. Belə qollar nadir hallarda olur. Ədalətli nəticə bəlkə də bərabərlik idi. Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək. Bu isə komandamın faydasına olacaq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakı Olimpiya Stadionunda keçiriləcək.

ElMir