"Real" və "Siti" ilə eyni olan "Qarabağ" yalnız "Liverpul"dan geri qalır
“Qarabağ” 2022-ci ildə rəsmi oyunlardakı qələbə sayına görə Avropanın “Top-5” liqalarında çıxış edən komandalardan yalnız İngiltərə “Liverpul”undan geri qalıb.
mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası ötən il ərzində bütün turnirlərdə keçirdiyi 55 görüşün 37-də qələbə qazanıb.
Ağdam təmsilçisinin qalibiyyətlərinin 16-sı 2021/2022, 21-i isə 2022/2023-cü illər mövümünə təsadüf edib. Komanda Azərbaycan Premyer Liqasında keçirdiyi 32 görüşün 27-də qalib gəlib, ölkə kuboku çərçivəsində 7 matçda 5, avrokuboklarda isə 16 qarşılaşmada 5 qələbəyə sevinib.
Avropanın “Böyük beşlik” ölkə liqalarında bu baxımdan ən yaxşı göstərici “Liverpul”a məxsusdur. Yürgen Kloppun başçılıq etdiyi "mersisaydlılar" il ərzində bütün turnirlərdə keçirdikləri 60 rəsmi oyunun 43-nü qələbə ilə başa vurublar. İspaniya nəhəngi “Real” və İngiltərənin digər təmsilçisi “Mançester Siti” “Qarabağ”la eyni sayda - 37 görüşdə qələbə qazanıb.