"Sabah", "Neftçi" və "Qəbələ"nin KL-də potensial rəqibləri məlum olacaq
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Konfrans Liqasında təmsilçilərimiz “Sabah”, “Neftçi” və “Qəbələ”nin III mərhələdə potensial rəqibləri müəyyənləşəcək.
MediaSport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Komandalarımızın II təsnifat mərhələsindəki cütlükləri püşkdə səpələnməmişlər səbətində yer alacaq.
Əsas yolda 27, Çempionlar Yolunda isə 5 cütlük məlum olacaq. Konfrans Liqasında III raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.
“Sabah” II raundu keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.
“Neftçi”nin III raunddakı potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütləri və “Alkmaar”dır (Niderland).
“Qəbələ” isə "Omoniya"dan güclü olsa, “Midyullan” (Danimarka) – “Proqress” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabaşı” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.