"Qəbələ"li Portuqaliya mətbuatına danışıb: "Qarabağ"ın çox yaxşı baş məşqçisi və oyunçuları var"

"Qəbələ"li Portuqaliya mətbuatına danışıb: "Qarabağ"ın çox yaxşı baş məşqçisi və oyunçuları var"

"Qəbələ"nin futbolçusu Lukas Afriko Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Braqa" - "Qarabağ" matçı haqda fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, 5 il Portuqaliyada forma geyinmiş braziliyalı Azərbaycan çempionunun güclü rəqib olduğunu qeyd edib, baş məşqçi Qurban Qurbanovdan söz açıb.

29 yaşlı müdafiəçi "köhlən atlar"a vurduğu qoldan da danışıb:

"Qarabağ" ölkənin ən böyük komandasıdır. Çox yaxşı oyunçuları var. Bəziləri - Juninyo, Riçard Almeyda və Julio Romao Portuqaliyada çıxış ediblər. Onlar "Braqa"nı yaxşı tanıyırlar. "Qarabağ"ın çox yaxşı baş məşqçisi və oyunçuları var. Sürətli və çox adamla hücuma keçirlər. Həm də müdafiə olunmağı yaxşı bilirlər, çox aqressivdirlər".

"Sambaçı" "Qarabağ"ın zamanla Portuqaliyada forma geyinən oyunçuları ilə danışırsınız?" sualını belə cavablandırıb:

"Bəli, mənim Juninyo və Riçardla möhkəm dostluğum var. Bir neçə dəfə görüşmüşük, nahar etmişik. "Braqa" ilə oynayacaqlarını biləndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarının fərqindədirlər, lakin Portuqaliya həmişə xoş xatirələr gətirir".

Azərbaycan çempionunun 2024-cü il fevralın 15-də səfərdə baş tutacaq ilk matçı Bakı vaxtilə saat 00:00-da başlanacaq. Fevralın 22-də Bakıda keçiriləcək cavab oyunu isə 21:45-də start götürəcək.


Mənbə:
"A Bola" nəşri