"Sabah"ın "Makkabi" ilə ev matçı bu stadionda olacaq - AÇIQLAMA

"Sabah"ın "Makkabi" ilə ev matçı bu stadionda olacaq - AÇIQLAMA

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Sabah" - "Makkabi" (Hayfa, İsrail) oyunu Masazırda "Bank Respublika Arena"da baş tutacaq.

Bu haqda Mediasport.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Arenanın oyuna hazır olduğunu deyən klub rəsmisi bildirib ki, səfər görüşünün məkanı dəqiqləşməyib.

"Səfər oyununun məkanı ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Çox güman qarşıdakı günlərdə UEFA-dan bununla bağlı məlumat veriləcək".

Xatırladaq ki, Konfrans Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Yayılan xəbərlərə görə, İsraildə müharibə şəraiti davam etdiyi üçün İsrail Futbol Federasiyası və ölkənin Xarici İşlər Nazirliyi klubların avrokuboklardakı ev oyunlarının keçirilməsinə görə bir neçə ölkəyə müraciət ediblər.

Rövşən Əlisoy