Səbuhi Səfiyarlı: "Neftçi”dən daha yaxşı nəticə gözləyirdim" - ANALİZ
“Neftçi”dən daha yaxşı nəticə gözləyirdim. Düzdür, qeyri-sabitliyi zədəli oyunçuların çoxluğu ilə də əlaqələndirirlər. Ancaq istənilən komandada zədə ehtimalı mövsümün əvvəlindən ta sonuna qədər olur, ona görə uğursuz çıxışları bununla bağlamaq doğru deyil".
mediasport.az saytına açıqlama verən tanınmış futbol meneceri Səbuhi Səfiyarlı bu fikirdədir. O, Premyer Liqanın geridə qalan 14 turunu dəyərləndirib, hazırda çempionatda yaranmış fasilənin hansı komandalara xeyirli və ya faydalı ola biləcəyini analiz edib.
Futbol eksperti əvvəlcə yuxarı pillələrdə qərarlaşmış komandaların çıxışlarını incələyib, düşüncələrini bölüşüb:
- Premyer Liqada geridə qalan 14 turu dəyərləndirəsi olsaq, komandaların heç də hamısının stabil çıxış etmədiyini görərik. Yalnız “Qarabağ”la “Sabah”ın sabit, uğurlu trayektoriya üzrə hərəkət etdiyini deyə bilərik. “Sabah”ın çıxışları haqda xüsusi paraqraf açılmalıdır. Murad Musayevin gəlişindən sonra başlanan iş artıq konkret olaraq nəticəsini göstərir. İstər legioner, istər yerli oyunçuların seçilməsi istiqamətində məşqçilər korpusunun gördüyü iş “Sabah”ın bugünkü turnir cədvəlində əyani əksini tapıb. Təsadüfi deyil ki, milli komandaya cəlb edilən futbolçulardan 6-7 nəfər “Sabah”ın oyunçularıdır. Komanda yerli oyunçu bazarında əsas rəqibi sayılan “Neftçi”ni qabaqlayaraq yaxşı transferlər elədi. Heyətləri genişdir, yetərlidir və bütün futbolçulardan istifadə etməklə boşluqları yaxşı doldurublar. “Qarabağ”la son oyun da göstərdi ki, “Sabah” bizi avrokuboklarda iştirak bir yana, sevindirəcək səviyyədə komandaya çevrilib. Bu komandanı oyun planı baxımından Roman Qriqorçukun “Qəbələ”si ilə müqayisə edərdim.
Pis mənada təəccübləndirən klub “Neftçi”nin qeyri-sabit olmasıdır. “Neftçi”dən daha yaxşı nəticə gözləyirdim. Heyətləri bir qədər kasaddır, xüsusən ən yaxşı yerli futbolçulara malik olmamaları da komandanın çıxışlarında əksini tapır. Düzdür, qeyri-sabitliyi zədəli oyunçuların çoxluğu ilə də əlaqələndirirlər. Ancaq istənilən komandada zədə ehtimalı mövsümün əvvəlindən ta sonuna qədər olur, ona görə uğursuz çıxışları bununla bağlamaq doğru deyil. Komanda buna əvvəldən hazır olmalıdır. Qış fasiləsi zamanı bir neçə oyunçu gətirib heyəti gücləndirməlidirlər. İndi yaranmış fasilə də “Neftçi”nin zədəli futbolçularının sağalması üçün qazanılmış vaxt baxımından xeyrinə olmalıdır.
Turnir cədvəlindən də aydın görünür, çempionluq, medallar və avrokuboklara oynayanlar bəllidir, aşağı yerlərdə mübarizə aparanlar məlumdur. Düşünürəm ki, mövsümün sonuna qədər möcüzəvi hadisə baş verməyəcək. “Qarabağ”la “Sabah” çempionluğa oynayacaq, “Neftçi” üçüncü yer, “Qəbələ” ilə “Zirə” isə dördüncülük və avrokuboklara vəsiqə uğrunda yarışacaqlar.
Səfiyarlı digər klublar haqqında bunları deyib:
Qalan komandalardan isə... “Səbail”lə “Sumqayıt”ın da stabil olmasına diqqət çəkmək istəyirəm. Əlbəttə, söhbət bu iki klubun davamlı olaraq uğursuz nəticələr göstərməsindən gedir. Digər komandalarda eniş-yoxuş oldu, lakin adlarını çəkdiyim bu iki kollektiv konkret çox zəif çıxış edirlər. “Şamaxı” ilə “Kəpəz”i xüsusi qeyd etmək istəyirəm. Tam legionersiz və çox da güclü olmayan yerli futbolçulardan formalaşdırılan Şamaxı təmsilçisi mövsümün əvvəlində aşkar autsayder göstərilirdi və bir neçə tur belə də oldu, ardıcıl məğlubiyyətlər yaşadı. Komandanı bu vəziyyətdən çıxara biləcək təcrübəli futbolçu sayı da çox deyil. Amma xüsusən ikinci dövrə başlayandan sonra komandanın toparlanması, gənclərin özünü doğrultmağa başlaması uğurlu nəticələrə gətirib çıxardı. Artıq göründü ki, “Şamaxı”da iş gedir. Nəticələr əvvəl yaxşı, sonradan uğursuz olsaydı, vəziyyət təsadüf adlandırıla bilərdi. Amma son iki turda göstərdikləri oyun, qazandıqları vacib qələbələr belə düşünməyə əsas verir ki, düzgün yoldadırlar. Cavid Hüseynovla Vüqar Əsgərlinin birgə işi yaxşı mənada təəccübləndirdi, bunu mütləq vurğulamaq lazımdır.
“Kəpəz”də Tərlan Əhmədovun gördüyü işi qeyd etməliyik. Məhz Əhmədovun gəlişindən sonra eyni heyət fərqli çıxışlar, fərqli nəticələr əldə etməyə başladı. Ən əsası, bu gün “Kəpəz”in oyun planında ciddi irəliləyiş, futbolçularda yüksək motivasiya var. Bu iki komandanı mövsümün əvvəli ilə müqayisə etsək, hər mənada irəliləyişə nail olduqlarını görə bilərik. Fikrimcə, Premyer Liqada yaranmış fasilə ən çox yüksəlişdə olan “Şamaxı”nın əleyhinə işləyə bilər. Çünki həm Cavid Hüseynov, həm də Vüqar Əsgərli karyerasında belə bir təcrübə yaşamayıb ki, komanda yüksəlişdə olanda yaranmış fasilənin onların əleyhinə işləməmsi üçün qabaqlayıcı addım atsınlar. Ona görə fasilədən sonra “Şamaxı”nın necə təsir bağışlayacağı çox maraqlıdır.
Məni ən çox məyus edən komandalardan biri “Səbail”dir. Həmişə istəmişik ki, futbola sponsorlar cəlb edilsin, klublarda maliyyə problemi olmasın və qoyulan sərmayənin qarşılığında komandalar ümdiləri doğrultsun. Təəssüf ki, “Səbail”də bu, yoxdur. Halbuki belə sponsoru tapmaq çox çətindir. Klublarımızın əksəriyyətində maliyyə sıxıntılarının olduğunu bilirik. Belə sponsoru bərbad nəticələrlə futboldan küsdürmək olmaz. “Səbail” kimi sponsoru olan komanda çox yaxşı çıxış etməli, uğurlu nəticələr qazanmalıdır. Heyəti də zəif deyil, yetərincə istedadlı, təcrübəli futbolçuları var. Buna rəğmən, “Səbail” çox pis futbol oynayır, uğursuz çıxış edir. Bu mənada çempionatın autsayderləri arasında olması təsadüfi deyil. Komandada görülən işlərin qaydasında olmadığı, qərarların yanlış verildiyi nəticələrdən aydın görünür. İlk növbədə məhz “Səbail”in uğur qazanmasını istəyirəm ki, həm sponsor həvəslənsin, həm bəlkə bu vəsilə ilə başqa şirkətlər də futbolumuza yaxın gəlsin. Təəssüf ki, “Səbail” ümidləri doğrultmur.
“Sumqayıt”da nə baş verdiyini tam olaraq izah etmək çətindir. Ötən mövsüm komandaya təyin olunmuş Aleksey Baqa ortaya heç bir iş qoymadı. Adətən, yeni baş məşqçi yanvardan yaya qədər xırda da olsa, ortalığa iş çıxarır və qarşıdakı mövsüm üçün ümid verir. Baqada isə tam əksinə oldu, komanda getdikcə daha uğursuz, zəif çıxış etdi. O, elə ötən mövsümün gedişində - mövsümün sonuna qədər qalan 5-6 ayda göstərmişdi ki, “Sumqayıt”da işləyə, komanda qura bilmir. Ona görə yeni mövsümə Baqa ilə başlamaq çox yanlış qərar idi. Bunu Bakıdan Sumqayıta baxanda da rahat görmək olurdu. Klub rəhbərliyi yanlış yolda olduğunu gec başa düşdü və belaruslu məşqçiyə şans verməyin mənasız olduğunu sonradan anladı. Samir Abasov komandada yenidir, indi onu heç nə ilə qınamaq olmaz. Oyun planında artıq müəyyən dəyişiklik olsa da, bunu nəticəyə çevirmək üçün Abasova vaxt verilməlidir. Bu mənada yaranmış fasilə ən çox “Sumqayıt”ın xeyrinə olmalıdır. Yəqin ki, bundan maksimum yararlanacaqlar.