Alonsoya xüsusi hədiyyə verən Qurban Qurbanov ispan məşqçilə görüş haqda: "Çox faydalı oldu"
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya səfər edib.
51 yaşlı mütəxəssis təcrübəsini artırmaq məqsədilə Bundesliqanın lideri “Bayer”in düşərgəsinə yollanıb.
Ağdam klubunun baş məşqçisi Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib, daha sonra "əczaçılar"ın baş məşqçisi Şabi Alonso ilə görüşüb.
Qurbanov səfər təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:
“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Şabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”.
Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edib: “Bayer”in məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.
Qurban Qurban ispan çalışdırıcıya Qarabağ xalçasını hədiyyə edib.
Feysbukda “Qarabağ Football Club” səhifəsi hədiyyənin özəlliyi ilə bağlı paylaşım edib. Qeyd olunub ki, Qurban Qurbanovun hədiyyəsi Qarabağ tipinə aid xovlu xalça növlərindən “Çələbi” xalçasıdır.
Xalçanın adı Oğuz türklərinin soyundan olan məşhur “Çələbi” tayfasının adıyla bağlıdır. Çələbilər Osmanlı sultanlığı, İraq və Azərbaycan ərazilərində yayılmışlar. Şimali Azərbaycanda çələbilərə aid Nuxa (indiki Şəki), Bərdə və Cəbrayıl ərazisində bir neçə məkan adları mövcuddur.
“Çələbi” və ya “Bərdə” adlı xalça kompozisiyası ilk dəfə Qarabağın ətraf kəndlərində, o cümlədən, Bərdənin 10 km şərqində yerləşən Çələbi kəndində toxunub. Bu xalça üç göl kompozisiyası əsasında tərtib olunub. Qarabağ xalçalarında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.
Qarabağ xalçalarının bəzən digər qrupları arasında da istifadə olunan on iki və ya on altı ləçəkli oxşəkilli, girintili-çıxıntılı formalardan ibarət olan göl elementi əsasən “Əjdahalı” xalçaların bədii quruluşunda xüsusi yer tutur.