"İnanıram ki, komandamız Parisdə ölkəmizi layiqincə təmsil edəcək”

"İnanıram ki, komandamız Parisdə ölkəmizi layiqincə təmsil edəcək”

“Bu yarış daha əvvəl Astara, Qəbələ və Şuşada baş tutmuşdu. İndi Qubada təşkil edirik. Avqust ayında isə Qadın Seriyasının Bakı mərhələsi keçiriləcək”.

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov Qubada qadınlar arasında basketbolun 3x3 növü üzrə keçirilən beynəlxalq turnir barədə jurnalistlərə açıqlamasında deyib.

O, bu cür yarışların təşkilinin bölgələrdə basketbolun inkişafına müsbət təsir edəcəyini bildirib:

“Bu yarışda bizi “Baku Fleyms” təmsil edir. Yeni yaranmış komandadır və istəyirik ki, təcrübə qazanmaq üçün daha çox turnirdə çıxış etsin”.

F.Mahmudov Azərbaycan millisinin Quba mərhələsində iştirak etməməsinin səbəbini də açıqlayıb:

“Onlar hazırda Serbiyanın Novi Sad şəhərində “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq keçirirlər. Buna görə də Qubadakı yarışa qatılmadılar. İnanıram ki, komandamız Fransa paytaxtında baş tutacaq mötəbər turnirdə Azərbaycanı layiqincə təmsil edəcək”.

Qeyd edək ki, Qadın Seriyasının Quba mərhələsinə iyulun 21-də yekun vurulacaq.