"Son bir həftədə Bakıda sırf bu komandaya qarşı hazırlaşmışıq"

"Son bir həftədə Bakıda sırf bu komandaya qarşı hazırlaşmışıq"

“18 ildən sonra klub səviyyəsində ölkə basketbolunu avrokuboklarda təmsil edirik. Əsas hədəf qrupda birinci yer tutmaqdır”.

Mediasport.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının yeni kapitanı Endər Poladxanlı FİBA Avropa Kubokunun qrup mərhələsi barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

24 yaşlı basketbolçu yer aldıqları A qrupunda hər üç rəqibi məğlub edəcək gücə malik olduqlarını düşünür: “Məqsədimiz yalnız qələbə qazanmaqdır. Amma basketbolda hər şey ola bilər. Təcrübəsizlik, avrokuboklarda uzun müddətdir çıxış etməməyin təsiri hiss oluna bilər. Çox yaxşı komandamız var. Hər üç rəqibə qalib gələcəyimizə inanıram. Bu olmasa belə, əlimizdən gələni edəcəyik ki, Azərbaycan basketbolunu Avropada yüksək səviyyədə təmsil edək”.

E.Poladxanlı bu gün Niderlandın “Donar” klubuna qarşı keçiriləcək ilk görüşlə bağlı fikirlərini də bölüşüb. O, matça tam hazır olduqlarını söyləyib: “Həm fiziki, həm də psixoloji cəhətdən komandanın vəziyyəti yaxşıdır. Bakıda başlayan və Serbiyada davam edən uzun hazırlıq prosesi keçdik. Oradakı 5 yoxlama görüşünün 3-də qələbə qazandıq. Artıq rəsmi matçların vaxtı çatıb. “Donar” önündə var gücümüzlə çıxış edəcəyik. Son bir həftədə Bakıda sırf bu komandaya qarşı hazırlaşmışıq. Məşqçilər korpusu onların videolarını təqdim edib, hücumlarına və müdafiələrinə qarşı necə oynamaq lazım gəldiyini başa salıblar. Oyundan-oyuna artırmağa çalışacağıq. Hər rəqibə qarşı fərqli formada hazırlaşacağıq”.

Qeyd edək ki, Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək “Sabah” – “Donar” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Azərbaycan çempionu sabah “Rabotniçki” (Skopye, Şimali Makedoniya), oktyabrın 5-də isə “Rapid”lə (Buxarest, Rumıniya) qarşılaşacaq.