Qurban Qurbanov: "Təkliflərdən imtina etməyim düzgün qərar idi”
“Bizi maraqlı oyun gözləyir. Rəqib sürətli, parlaq və cəlbedici futbol nümayiş etdirir. Texniki cəhətdən çox yaxşıdırlar. Hər iki oyun azarkeşlər üçün möhtəşəm alınacaq”.
Mediasport.az xəbər verir ki, bu sözləri Portuqaliya mətbuatına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis yerli "ojogo.pt" saytına geniş açıqlama verib.
Avropa Liqasının pley-off mərhələsində ilk dəfə çıxış edəcəklərini xatırladan 52 yaşlı mütəxəssis bunun komandaya yeni təcrübə qazandıracağını vurğulayıb:
“Oyuna böyük məsuliyyətlə hazırlaşmışıq. Rəqibin heyətində matçın taleyini dəyişə biləcək futbolçular var. Azərbaycan futbolunun nüfuzunu artırmaq istəyirik. Bu, idmandır, hər şey ola bilər. Komandama güvənirəm”.
Qurban Qurbanov "Qarabağ" karyerası haqda bunları qeyd edib:
“Bu komandaya 2008-ci ildə baş məşqi təyin olunmuşam. Burada uzun müddət işləmək və rəhbərliklə gözəl münasibət qurmaq mənə qismət oldu. Gələcəklə bağlı plan hazırladıq və ildən-ilə inkişaf etdik. Mən çox danışa, düşünə, başqalarından nəsə öyrənə bilərəm. Amma işi görən meydandakı futbolçulardır. Hər şey onlardan asılıdır”.
Mütəxəssis “Qarabağ”ın uğurlar qazanmasında məşhur “tiki-taka” taktiki sisteminin böyük rol oynadığını vurğulayıb:
“Stabil nəticələr üçün bu sistem bizim üçün vacib idi. Sevindirici haldır ki, bu oyun üslubuna uyğun gələn yaxşı oyunçular tapa bildik. Yaxşı oyun göstərmək istəyirsənsə, sürətli və dəqiq ötürmələr verməlisən. Əks halda hədəflərə çatmaq, istədiyin oyunu nümayiş etdirmək çətindir. Bu gün vəziyyət dəyişib və biz artıq “tiki-taka” sistemindən 100 faiz istifadə etmirik. Müasir futbolun tələblərinə uyğunlaşmağa çalışırıq”.
Məşqçi başqa klublardan aldığı təkliflədən söz açıb, indiyədək Ağdam klubunda qalmasına şərh verib:
"Fikrimcə, Qarabağ”da qalmaqla doğru qərar vermişəm. Burada işimə dəyər verdiyim üçün bu komandaya sadiq qaldım. Düşünürəm ki, təkliflərdən imtina etməyim düzgün qərar idi”.