UEFA prezidenti Çeferin Rusiya ilə bağlı YEKUN QƏRARı açıqlayıb
"Rusiya milli komandaları və klubları Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında keçirilən yarışlara yalnız Ukraynada müharibə başa çatdıqdan sonra buraxılacaq".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı funksioner bildirib ki, Rusiya futbola yalnız Ukraynadakı hadisələr bitəndən sonra qayıda bilər.
Avropa futbol təşkilatının rəhbəri uzun illər UEFA ilə əməkdaşlıq etmiş məşhur “Qazprom” şirkəti ilə müqavilənin ləğv olunmasını belə izah edib: “Bu, sadəcə olaraq, bir növ rəmzi akt kimi edilməli idi. Yüz milyonlarla insanın izlədiyi matçlar zamanı bu şirkəti reklam etmək çətindir. Çox təəssüf edirəm, amma bunu etməli olduq. Bu mövzuda daha çox şikayət edənlər həmin şirkətdən qaz alanlardır”.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası və UEFA Ukrayna müharibəsi ilə əlaqədar 2022-ci il fevral 28-dən Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb. Təşkilat həmin gün “Qazprom”la sponsorluq müqaviləsinə xitam verib.
Çeferin dünyanın məşhur futbolçularının Avropanın aparıcı klublarından Səudiyyə Ərəbistanına kütləvi şəkildə üz tutmasına da münasibət bildirib. O, deyib ki, bu uğursuz tendensiya uzun sürməyəcək:
“Düşünürəm ki, Səudiyyə Ərəbistanı ilə bu tarix nisbətən qısa olacaq. Dəfələrlə demişəm: fikrimcə, bu, futbolun inkişafına yanlış yanaşmadır. Avropada praktiki olaraq karyerasını başa vurmuş oyunçuları cəlb etməklə, sadəcə, futbolu inkişaf etdirmirsiniz. Çin bir neçə il əvvəl eyni şeyi etdi, lakin onların komandası hələ də dünya çempionatına vəsiqə qazana bilmədi. Ona görə də mən hərəkətlərimizdə Səudiyyə Ərəbistanına əhəmiyyət vermirəm".