"Vətənimdə əsgərlərimiz Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşür" - STADNİK
"Yarışa hazırlıqlar yaxşı gedir. Hazırda Rumıniya yığması ilə birlikdə Buxarest yaxınlığındakı Olimpiya bazasında təlim-məşq toplanışı keçirik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik bu ay Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı danışarkən deyib.
9-qat Avropa və ikiqat dünya çempionu mundial öncəsi özünü yaxşı hiss etdiyini bildirib: “Mundialın startına az vaxt qalıb. Yarışa düzgün və sakit yanaşmaq lazımdır. İndi əsas məsələ psixoloji hazırlıqdır”.
Dünya güləşinin canlı əfsanəsi nüfuzlu yarışda özünü əsas favoritlərdən biri hesab etdiyini gizlətməyib: “Bilirsiniz ki, idman yaşım çoxdur. Ümid edirəm ki, bədənim məni pis vəziyyətdə qoymayacaq. Bir halda ki, Tanrı məni 5-ci dəfə Olimpiya Oyunlarına qatılmaq üçün bu yola yönəldib, deməli, hər şey yaxşı olacaq”.
Titullu idmançı öz çəkisində heç bir rəqibdən çəkinmədiyini vurğulayıb: “Qalib olmaq istəyirsənsə, bütün güclü rəqibləri məğlub etməlisən. Dünya reytinqində ilk 4 yeri tutanlar güclü idmançılardır. Onlara qalib gəlməliyəm”.
Mariya Stadnik dünya çempionatındakı ən böyük motivasiyasını da açıqlayıb: “İndi mənim vətənimdə əsgərlərimiz Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşür. Onların cəsarəti və gücü mənim üçün böyük motivasiyadır”.
35 yaşlı idmançı mundialda iştirak edəcəyi üçün həyəcanlı olduğunu etiraf edib: “Əlbəttə ki, həyəcan var. Mən də insanam, üstəlik qadınam (gülür). Qadınların hamısında isə emosiyalar olur”.
Qeyd edək ki, güləş üzrə dünya çempionatı sentyabrın 16-dan 24-dək təşkil olunacaq.