Ehtiram Quliyevi Tovuza gəldiyinə peşman etməyin!

 Ehtiram Quliyevi Tovuza gəldiyinə peşman etməyin!

İldə təxminən 2 dəfə olur bu. Bir mövsümün əvvəlində, bir də sona yaxın.

"Ayxan, istefa", "Ayxan futbol oynatmır" və.s. tipli şüarlar aləmi bürüyür. Əsasən də sosial şəbəkələrdə. Hadisələr birbaşa tovuzlu futbol azarkeşlərinin adıyla bağlanır. Sanki təbiidir. Amma...

Ancaq və lakin bütün bunlar birmənalı, futbolla faktiki ciddi əlaqəsi olmayan süni yaradılmış mənzərələrdir. Azarkeşlərin arasına sızdırılmış 4-5 "partizan"ın özünün də beyin məhsulu deyil bu.

Bu, "Turan Tovuz"a ümumi qısqanclıq göstərən, daxilə əli çatmayan bəzi "futbol adamları"nın başının altından çıxan ənənəvi metoddur. "Torba metodu".

Tovuz Azərbaycan futbolunun iki dayaq nöqtəsindən biridir.

Ən yaxın qonşusu Gəncə can üstdədir, ciddi "cərrahi müdaxilə"yə ehtiyacı var - stadion yox, maliyyə yox, sponsor yox, oyun da yox...

Ölkə prezidenti İlham Əliyevin Gəncə şəhər stadionu ilə bağlı verdiyi Sərəncam bəlkə bundan belə süni nəfəs aparatı rolunu oynayıb ümid işığı yandırar. Lakin faktiki "Kəpəz" yox kimi şeydir. Ölkənin "futbol Məkkəsi" adlandırılan ikinci böyük futbol şəhərinin varlığı ilə yoxluğu fonunda Tovuzda əjdaha işlər görülür. Bunu görməmək xəyanətdir! Kimdir bəs bu naşükürlər?

Dediyimiz kimi, yalnız bir qrup köhnədənqalma "partizan", xain, satqın!

Yoxsa klubun yenidən dirçəldilməsi, stadionunun standartlar səviyyəsinə çatdırılması, bölgəyə əsl futbolun qaytarılması, çoxillik planlar və.s. kimi ciddi xidmətləri görməzdən gəlib 5-10 oyundan bir kampaniya aparmaq, vallah, insafdan və vicdandan deyil.

Axı əsl Tovuz azarkeşi futbolun nə və necə olduğunu gözəl bilir. İllərdir Premyer Liqaya həsrət qalan, divizionda vaxt keçirən, yeni rəhbərliklə 1 ilin içində formalaşdırılan, sıfırdan qurulan komandadan ciddi nəticələr, bir az da irəli gedib medal, avrokuboklara vəsiqə gözləmək, tələb etmək...

Əsl "Turan Tovuz" azarkeşi bunu etməz, edə bilməz. Ən azından haqqı yoxdur.

Bu "azarkeşlərə" qalsa, gərək, Ehtiram Quliyev ayırdığı maliyyəni də götürüb komandanı dövlətin verdiyi 3 milyonla baş-başa buraxsın. Bəlkə qədir-qiyməti onda bilindi.

Adam 4-5 dılğıra görə iyrəndirilməli, qaçmalıdır futboldan? Bu da "Xəzər-Lənkəran", "Bakı" deyil ki, AFFA rəhbərliyi ilə şəxsi konfliktləri əsas gətirəsiz.

Camaat öz həvəsi, istəyi, sevgisi ilə iş görməyə gəlib, təmənnasız! Çəkilin kənara, heç olmasa, qarşıya qoyulan minimum - 3 illik planın sonunu gözləyin, sonra sorğulayın da.

Ona qalsa, gərək, "Sabah"ın məktəbli azarkeşləri rəhbərliyi, Murad Musayevi ayağından asmalıdır. Büdcəsi, imkanları, hərtərəfli dəstəyi "Qarabağ" və "Neftçi"dən geri qalmayan komanda ardıcıl 8 oyundur qələbə qazana bilmir...

"Turan Tovuz" faktiki bu komandadan 4 xal irəlidədir...

Güdaza getməyin, dostlar. İmkan verin, camaat işini görsün. Elə görsün ki, sabah bu komandanın baş məşqçisi Ayxan yox, Sərxan olanda da konkret bir sistemlə idarə edilsin, stabil plan üzərində hərəkət alsın.

Mediasport.az