"Sumqayıt"ın yeni arenaya köçməsi göstərəcəyi səylərdən asılıdır”
Peşəkar Futbol Liqasının (PFL) əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçirməsi barədə məlumat vermişdik.
Arenada oyunların keçirilməsi üçün çatışmazlıqların mövcud olduğu müəyyənləşdirlib və bu barədə "Sumqayıt" məlumatlandırılıb.
Öz növbəsində, ev oyunlarını yeni idman qurğusunda keçirmək istəyən "gənclik şəhəri" təmsilçisi tez bir zamanda lazımi tədbirlərə start verib.
Görəsən, Samir Abasovun komandası yeni stadionda ilk ev oyununa nə vaxt çıxacaq?
Məsələ ilə bağlı PFL-in texniki-idman direktoru Elgiz Abbasov Mediasport.az saytına açıqlama verib. O, bildirib ki, "Sumqayıt"ın yeni arenaya köçməsi klubun göstərəcəyi səylərdən asılıdır:
“Sumqayıt” klubunun müraciəti əsasında PFL tərəfindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçirilib. Arenada oyunun keçirilməsi üçün vacib olan bütün məqamlar yoxlanılıb. Bura texniki, idman, yayım, media və digər nüanslar daxildir. Əlbəttə ki, ölkəmizdə belə bir idman qurğusunun olması xoş haldır. Lakin digər tərərəfdən stadionlar oyunların keçirilməsi ilə bağlı bütün tələblərə cavab verməlidirlər. Həmin detallar barədə kluba bildirilib. Hazırda “Sumqayıt”la sıx əlaqədə çalışırıq. Klubun yeni arenaya köçməsi qarşı tərəfin göstərəcəyi səylərdən asılıdır”.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ötən ay əsaslı yenidənqurmadan sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub.