Zirə stadionunda insident: "Sabah"ın əməkdaşı vuruldu, klub rəhbərliyi "102"yə zəng elədi
Premyer Liqanın 4-cü turunun "Zirə" - "Sabah" oyununda insident yaşanıb.
Mediasport.az saytının stadionda olan əməkdaşı xəbər verir ki, birinci hissənin axırlarında "Sabah" klubunun əynində xüsusi forma olan media əməkdaşlarından Emin adlı şəxs polisin təzyiqi ilə üzləşib.
Polis əməkdaşları onu arenadan fiziki təzyiq göstərməklə çıxardıb, kürəyindən itələyərək aparıblar. Tribunada əyləşən yerli azarkeşlərin də polislərə ciddi etirazı məhz buna görə idi.
Asayiş keşikçiləri klub nümayəndəsinin tribunada xoşagəlməz ifadələr işlətdiyini əsas gətiriblər.
"Zirə" rəsmiləri və AFFA nümayəndəsinin müdaxiləsindən sonra "Sabah"ın əməkdaşı sərbəst buraxılsa da, Masazır klubunun rəhbərliyindən kiminsə DİN-in "102" məlumat mərkəzinə zəng etdiyi üçün stadiona əlavə sayda polis əməkdaşı cəlb olunub.
İnsidenti telefonun yaddaşına köçürən Mediasport.az saytının əməkdaşının mobil cihazı əlindən alınıb, hadisə yerindən çəkdiyi video polislər tərəfindən məcburi qaydada sildirilib.