"Zirə"dəki intizamsızlığın səbəbi nədir, Rəşad Sadıqov? - REDAKSİYADAN

"Zirə"dəki intizamsızlığın səbəbi nədir, Rəşad Sadıqov? - REDAKSİYADAN

Qeyri-sabit trayektoriya cızan "Zirə" artıq intizamsız komanda kimi də ad çıxarmağa başlayıb.

Təsadüfi deyil ki, qəsəbə təmsilçisinin futbolçuları az qala hər oyun minimum 1 qırmızı vərəqə alırlar.

Videolara ayıq başla baxsaq, görərik ki, təkcə son 2 iki oyunda 4 futbolçusunun meydandan qovulması əzmkarlıq, xarakter, istək nümayişi, yaxud bilməyərəkdən, təsadüfi yol verilmiş xəta yox, birbaşa intizamsızlıq nümunəsidir.

Çox maraqlı sual yaranır - Məgər illər əvvəl "Qarabağ"ın heyətində "Kəpəz"lə Gəncədəki səfər oyununda başı yarılsa da, sona qədər alnısarıqlı mübarizə aparıb azarkeşlərin "Terminator" ləqəbi verdiyi Rəşad Sadıqov rəhbərlik etdiyi futbolçulara söz keçirə, nizam-intizam, məsuliyyət aşılaya bilmir?

Bəlkə bizim tanıdığımız, istər klub, istər millidə son saniyəyə qədər daim əzmlə mübarizə aparması, lider keyfiyyətlərini özündə cəmləşdirib tamaşaçılarının sevgisini qazanması ilə ön planda olmuş Sadıqovla məşqçi Sadıqovun arasında çox fərq var?

Fikrimizcə, hə. Fərq böyükdür. Özü də çox. Dünyanın və futbolun yazılmamış qanunu var: Hər yaxşı futbolçu yaxşı məşqçi olacaq, olmalıdır deyə bir nümunə yoxdur.

"Zirə"nin nümayiş etdirdiyi sistemsiz futbol bir yana, futbolçuların nizam-intizamının çox aşağı səviyyədə olması xüsusən iddia irəli sürən klub üçün həyəcan siqnalıdır. SOS!

Rəşad Sadıqovun futbolçusu ən kritik, ən həssas, gərgin məqamda penalti vurmaq davası edirsə...Bu, çox şeydən xəbər verir.

Futbolçunun nazı ilə oynamaq Sadıqova xarakterik xüsusiyyət deyil. Bunu yayda müdafiəçi Cəlal Hüseynovun timsalında gördük. Rəşad Sadıqov ona qarşı yanlış edən gənci bağışlamamışdı.

Amma paradoks burasındadır ki, Rəşad Sadıqov transferə çıxarılan Təmkin Xəlilzadəni gözlənilmədən heyətə qaytardı və bununla dünya futbolunda bir "ilkə" də imza atdı deyə bilərik.

Çox misal çəkib uzatmaq olar, dəqiq görünən bir şey var, "Zirə"də qaydasında olmayan, düz getməyən, doğru idarə olunmayan işlər çoxdur.

Hesab edirik ki, bunu başda fəxri prezident Orxan Məmmədov olmaqla, Rəşad Sadıqov da çox gözəl bilir, görür. Orxan bəyin başı şirkətlərin futbol çempionatına qarışsa da, hər halda komanda ilə maraqlanmamış deyil və əsas işlərindən biri bu olmalıdır.

Və bu problemlər tezliklə həllini tapmasa, Sadıqovu heç də uğurlu aqibət gözləmir. Komanda udar da, uduzar da - amma intizamsızlıq, məşqçini saymamaq, meydanda komanda yoldaşı ilə mübahisə eləmək, söz davasına çıxmaq, penalti üstündə "atışmaq"...

mediasport.az