“Azərlotereya”nın Misli görünməmiş fırıldağı...Hanı o 250 mini udanlar?

“Azərlotereya”nın Misli görünməmiş fırıldağı...Hanı o 250 mini udanlar?

Son iki ildə ümumi respublika üzrə hər yerdə az qala 50 metrdən bir “şöbə” açan Azərlotereyanın “uduşlu” "Poz Qazan" köşklərinin qarşısında insan selindən dünənlərə qədər tərpənmək olmurdu. Varlısından sonuncu çörək pulunu qumara qoyanlara qədər - hər kəs bu obyektlərə axın edirdi ki, “Azərlotereya”nin göydən yerə tökdüyü “pul”dan bir qismət da onlara nəsib olsun. Biri digərini əvəzləyən bəh-bəhli reklamlarla telekanallarda, internet saytlarında insanları bu yalançı kampaniyaya şirnikləndirmək də öz yerində.

Amma kimlərinsə buna son ümid yeri kimi baxdığını düşünmürdülər, veclərinə belə, deyil onsuz…

Həqiqətə baxsaq, bu saxta şirnikləndirmə şousundan təxminən 2 il keçib, geridə qalan müddətdə yaxın çevrəmizdə hələ 150 manatdan 1 qəpik artıq udanı görməmişik. O da 100-150 cəhddən sonra. Yəni, saqqaldan qoparıb bığa yapışdırmaq, yaxud “aldım qoz-satdım qoz” da yalandı bunun yanında. Bunu tək biz iddia eləmirik, istənilən tv, sayt şəhərə çıxıb sorğu keçirsə, əsl mənzərənin, əsl həqiqətin təsdiqini görə bilər.

Bəs hanı 250.000 manatlar? Kim “udur” bu 250.000 manatları? Bar-bar bağırmaqla reklam olunan yüzminlərin qalibləri hanı, kimlərdir, tanıyan-bilən var? Görən olub, ümumiyyətlə? Ətrafınızda belələri varsa, bizə yazın, bilək.

Yalançı kampaniyanın yekunu? - Hazırda ölkə üzrə bütün "Poz Qazan" obyektlərinin qarşısı bom-boşdur, necə deyərlər, oba köçüb, yurdu qalıb. Amma…amma bir qrup dələduz, işbaz varidatının üstünə bir az da mal-mülk topladı, acından ölən, son manatını bu qumara verən ümidsiz kasıb isə…

Əmin olun, belə süni stimullaşdırıcıfason lotereyalar, mərc oyunları vətəndaşların qazanc əldə etməsi, güzəranını yaxşılaşdırması üçün təşkil olunmur, oluna da bilməz. Kim kimə oturduğu yerdə 1 manatın əvəzinə 1000 manat verər? Xüsusən indiki reallıqda. Qardaş qardaşa belə, 1 manatı minnətsiz, havayı, boşuna vermir. Adı üstündə mədəni qumardır da. Qumarda isə qazanan yalnız oynamayan olur!

Azərbaycanda idman mərc oyunları qanunla nizamlansa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil edilsə də, bu qumar aydındır ki, əsasən, şüuru-düşüncəsi-iradəsi zəif, tamahı azca güclü, ümidsiz insanları mədəni formada tələyə salaraq aldatmaq, soymaq və olan-qalan 3-5 manatlarını da əllərindən almaqdan başqa bir də zənginlərin var-dövlətini artırmağa xidmət edir.

Vəssalam!

P.S. “Azərlotereya”nın illərdi fiaskoya uğramış "Topaz" və "eTopaz", həmçinin Türkiyənin Azərbaycanda idman mərc oyunları bazarına təzə-təzə ayaq basmış “Misli” layihəsinə növbəti araşdırma yazılarımızda toxunacağıq.

P.P.S. Guya, hər şeyimiz taraz idi, bircə saqqal darağımız çatışmırdı. Əziz izləyicilər, əziz oxucular, ehtiyatlı olun. Ehtiyatlı və son dərəcə diqqətli, düşüncəli olun ki, virtual oğrular cibinizi soymasın.

mediasport.az