Dövlətdən yüzminlər xərclənən federasiya məsuliyyətini dərk etmir?

Dövlətdən yüzminlər xərclənən federasiya məsuliyyətini dərk etmir?

Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya çempionatında çıxışını başa vurub. Yığma 10 idmançı ilə qatıldığı turnirdə birtəhər iki medal qazandı - Hidayət Heydərovla Zelim Kotsoev “bürünc”lə kifayətləndilər.

Federasiyanın böyük ümidlərlə, bəh-bəhlə, dəm-dəstgahla gətirib milliləşdirdiyi iranlı Dünya çempionu, Tokio olimpiadasında Monqolustana gümüş medal qazandırmış Səid Mollayi başda olmaqla, Daşkəndə yollanan Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov (73kq) Orxan Səfərov və Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Elcan Hacıyev (81 kq) əli ətəyindən uzun geri qayıtmaq məcburiyyətində qaldı.

Təbii olaraq, mundialda əldə olunan iki bürünc medalı ciddi nəticə kimi qələmə vermək gülüncdür. Yığmanın Özbəkistandakı çıxışının bir adı var, dəqiq ifadə ilə FİASKO!

“Böyük Dəbilqə”, “Qran-Pri”, İslam oyunları, MDB Oyunları və.s. kimi lazımsız, yüksək əhəmiyyəti, prestiji olmayan yarışlarda qazanılan medalların toplamı DÇ kimi ciddi turnirdə əldə edilən bir uğurun yarısının yerini verə bilməz. Bunu federasiyada oturanlar da gözəl bilir e, sadəcə, biabırçı çıxışlara, nəticəsizliklərə don geyindirmək üçün belə “turnirlər”i özləri üçün çıxış yolu hesab edirlər. Millinin təlim-məşq toplanışlarına, müxtəlif hazırlıq xarakterli yarışlara ildə yüzminlər xərclənir...Məsuliyyətlərini dərk etmirlər, yəni?

11 ay 18 gün əvvəl federasiyada keçirilən növbədənkənar prezident seçkisində illərdi kök salmış Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləsə də, geridə qalan 1 il ərzində heç bir irəliləyişin olmadığı aşkar görünür. Əksinə, hətta R.Abdullayevin prezidentliyi, Sadıq Sadıqovun rəhbərliyi dönəmində nəticələr indikinə baxanda gün üzünə çıxarılmalı idi.

Görünən budur ki, federasiya “sökülüb” yenidən “tikilməli”, çox gec olmadan işlərə sıfırdan başlanılmalıdır. Dövlət büdcəsindən hər il yüzminləri havaya sovuranlar DÖVLƏT qarşısında cavabdehlik, məsuliyyət daşımalıdır.

mediasport.az