"Zirə"nin qeyri-sabit çıxışlarının əsl səbəbi nədi?" - BİZİM BAXIŞ

"Zirə"nin qeyri-sabit çıxışlarının əsl səbəbi nədi?" - BİZİM BAXIŞ

Mövsümün 1/4 hissəsindən bir qədər çoxu geridə qalsa da, bu sezon "Zirə"nin çıxışları hələlik stabilləşmək bilmir. 30 aya yaxındır qəsəbə klubunun baş məşqçisi olan Rəşad Sadıqov sanki sabit heyəti formalaşdırmaqda çətinlik çəkir. Ötən mövsüm onun rəhbərliyi altında Premyer Liqanın bürünc medallarını qazanıb, kubokun yalnız finalında məğlub olan qəsəbə təmsilçisi bu mövsüm komanda sayı və rəqabətin azca artması fonunda istənilən səviyyədə çıxış etmir desək, yanılmarıq. Ciddi iddiaları görünmür, hiss olunmur. Halbuki imkanları zəif deyil.

PFL-ə sifariş edilən 23 futbolçudan 9-u legionerdi (legionerlərin yetərincə uğurlu alınmadığı, ümumiyyətlə, klubda seleksiya işinin zəif aparıldığı ayrı bir mövzudu-red). Belədə komandaya ayrılan maliyyə vəsaitinin azlığını, yaxud yetərli olmadığını başlıca səbəb kimi gətirmək doğru sayılmaz, fikrimizcə. Üstəlik, indiyə qədər klubda maliyyə sıxıntısı, maaş problemi eşidilməyib, görülməyib, duyulmayıb. Bəs görəsən, "Zirə"nin qeyri-sabit çıxışlarının əsl səbəbi nədi?

Premyer Liqada geridə qalan 13 tura nəzər salsaq, təxminən tən yarı qələbə sayı ilə toplanılan 19 xal qənaətbəxş hesab edilməməlidi. Turnir cədvəlinin tam ortasında qərarlaşmış Sadıqovun komandası sıralamada qabaqladığı klublardan həm maddi dəstək, həm heyət baxımından azı 1 dəfə üstündü, güclüdü. Yəni, o klublardan da yuxarıda olmayacaqlarsa, iddialarının adı nədi? Liqada qalmağa oynamırlar ki...

Təsadüfi deyil, zirəlilər əldə etdikləri 6 qələbədən 5-ni məhz özündən zəiflərlə - Premyer Liqaya diviziondan yeni gəlmiş "Kəpəz" və "Turan Tovuz", tam sıfırdan formalaşmış "Şamaxı", "quyuda" çabalayan "Sumqayıt" və "Səbail"lə oyunlarda qazanıblar. İddialılardan yalnız "Qəbələ"ni məğlub ediblər ki, bölgə təmsilçisi də qeyri-stabil çıxışları ilə diqqət çəkən komandalardan biridi.

Premyer Liqada tam sabit olanlar turnir cədvəlinin də ən yuxarısından göründüyü kimi, "Qarabağ"la "Sabah"dı. Bu iki komanda "Zirə"yə ümumilikdə 3 oyuna 11 qol vurub! Hətta heyət və büdcəsinə görə "Zirə"dən iki dəfə üstün olsa da, hər oyun bir cür çıxış edən "Neftçi" belə, son matçda səfərdə Rəşad Sadıqovun komandasının qapısından 3 cavabsız top keçirdi. 4 turdur qələbə qazana bilməyən "Qəbələ" də növbəti 3 xalını bu kollektivdən aldı.

Qısası, Rəşad Sadıqovun işlərinin qaydasında getmədiyi göz önündədi. Komandaya qarşı zaman-zaman hakim xətaları olsa belə, səhvlər əksər kollektivlərə də edilir deyə, qərəzli mövqe tutulduğunu demək qəliz məsələdi. Doğrudu, federasiyanın asdığı bayrağın altından keçmədikləri üçün AFFA-da ən üst səviyyədə Rəşad Sadıqova, eləcə də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova simpatiya göstərilmədiyi bizə məlumdu. Hiss olunacaq və ya olunmayacaq formada yuxarıdan "sıxmaları" biz də müşahidə edirik. Lakin bu da "Zirə"nin qeyri-qənaətbəxş çıxışlarının əsas səbəbi ola bilməz. Yaxud komandanın qapıçılarının hər tur buraxdığı biabırçı səhvlər də "Zirə"nin qeyri-sabit nəticələrinə birbaşa sirayət edən amil deyil.

Görünən budu: komanda oyunlara yaxşı hazırlanmır, doğru taktika seçilmir, fiziki-psixoloji hazırlıq 90 dəqiqə üçün yetərli olmur, yaxud rəqiblər düzgün analiz edilmir ki, yaranan natamamlıq yekun nəticədə özünü aşkar büruzə verir. Hesab edirik ki, "Zirə" istənilən nəticəyə baxmayaraq, meydanda baxımlı, göz oxşayan, kombinasiyalı oyun sərgiləmir iddiamızla hər kəs razılaşar. Üstəlik, əsasən legionerlərin meydanda can qoymadıqları da kənardan rahat sezilir.

Odu ki, nələrisə dəyişmək lazımdı. Mütləq lazımdı. Amma nələri? Bax bu, bizim işimiz deyil. Bu, özlərinə-sağlıqlarına qismət, sanballı əmək haqqına çalışan rəhbərliyin, məşqçilər korpusunun, futbolçuların üzərinə düşən məsuliyyətdi. Kimlərinsə yerinə də biz işləyəsi deyilik ki...

mediasport.az