"Zirə"nin fəxri prezidentindən Rəşad Sadıqova ciddi XƏBƏRDARLIQ!
"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Novruz bayramı ərəfəsində baş məşqçi Rəşad Sadıqovla görüşüb, amma bu dəfə fərqli formatda.
mediasport.az saytına verilən məlumata görə, KOBİA rəhbərinin 41 yaşlı mütəxəssislə görüşü kifayət qədər gərgin və ciddi olub.
Mənbənin iddiasına görə, Orxan Məmmədov millinin keçmiş kapitanına ümumi rəhbərliyin, kluba daim ciddi və poblemsiz dəstək verən sponsorların iradını çatdıraraq sətiraltı xəbərdarlıq edib. Məmmədov yaxın dostluq münasibətlərinə baxmayaraq, Sadıqovun 3 ildir baş məşqçi postunda olmasına rəğmən, "Zirə"nin qeyri-sabit çıxışı, komandanın hələ də stabil oyun nümayiş etdirməməsini əsas gətirərək sponsorların ciddi narahatlıq keçirdiyini bildirib.
Görüşdə xüsusilə "Zirə"nin bu mövsüm avrokuboklardan kənarda qalmaq ehtimalının daha çox olduğu müzakirə edilib. Məmmədov Sadıqova dolayısı ilə çatdırıb ki, əgər komanda Avropaya vəsiqə qazanmasa, hər an istefaya göndərilə bilər.
Rəşad Sadıqovun qəsəbə təmsilçisi ilə 3 illik müqaviləsi iyulda başa çatacaq. Komanda cari mövsüm kubokla vidalaşıb, Premyer Liqada 27 turdan sonra 37 xalla 4-cü pillədə qərarlaşıb və 3-cü yerdə dayanan "Neftçi"dən 19 xal geridədir. Ən yaxın izləyicisi "Qəbələ" isə son turda "Şamaxı"ya qalib gələrək xal fərqini 1-ə endirib.