Zubir Azərbaycan yığmasında oynayacağı ilə bağlı DANIŞDI
2018-ci ildən "Qarabağ"da çıxış edən Abdullah Zubir Azərbaycan yığmasında oynayacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə Mediasport.az saytına açıqlama verən Mərakeş əsilli fransız yarımmüdafiəçi gəzən söz-söhbətlər haqqında fikirlərini bölüşüb:
"Mən azərbaycanlı deyiləm. Mərakeşdən olan Fransa vətəndaşıyam. Bu barədə heç nə demək istəmirəm. Yalnız "Qarabağ"ın uğurlarına köklənmişəm. Dəvət olsa? Bilmirəm, düşünməmişəm".
Qeyd edək ki, ölkəmizdə bu yay 5 ili tamam olan 31 yaşlı futbolçunun bir müddətdir mili komandamızda çıxış edəcəyi danışılır. O, ölkəmizədək “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul” və “Lans” klublarında forma geyinib.