PFL-in vitse-prezidenti açıqladı: "Hamısının hesabatı nəzarətdədir”

PFL-in vitse-prezidenti açıqladı: "Hamısının hesabatı nəzarətdədir”

“Bilirsiniz, dünən Klublar Komitəsinin mütəmadi iclası idi. Daimi şəkildə bu tədbirlər keçirilir. Bu da istisna deyildi. Eyni zamanda, Klublar Komitəsinin yeni rəhbər seçimi baş tutdu. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov Klublar Komitəsinin sədri seçildi. Fürsətdən istifadə edərək, onu təbrik edirəm!”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev deyib.

Klublar Komitəsinin iclasına şirkətlərin dəvət edildiyini deyən qurum rəsmisi onlarla bağlı verilən qərar barədə fikirlərini bölüşüb: “Müəyyən təklifləri var idi. Qərar verildi ki, həmin şirkətlər klublarla fərdi şəkildə görüşsünlər, təkliflərini izah etsinlər. Yəni, klubların ofisində görüşlər keçirilsin. Çünki təkliflərin izah olunması üçün həddindən çox vaxt lazım olacaqdı”.

PFL rəsmisi 1-ci Liqada yarışan "İrəvan"da maaş qalmaqalı barədə sualımızı da cavablandırıb. Şahgəldiyevi dinləyək: “Nəzarət-Təftiş Komissiyasında müxtəlif şəxslər var. Onlar klublara ayrılan vəsaitlərin hara xərcləndiyinə nəzarət edirlər. Klublara dövlət tərəfindən verilən aylıq 30 min manatın içində komandanın geyimi, səfər, nəqliyyat, qidalanma, otel xərcləri, eyni zamanda, komandada çalışanların əmək haqları yer alır. Əgər mükafat və ya başqa xərclər, yaxud daha çox maaş alan futbolçuların gətirilməsi nəzərdə tutulubsa, bu, artıq klubun sponsorlardan əlavə gəlirləri hesabına tənzimlənməlidir. Məsələn, klub var ki, aylıq xərci 30 mindir, klub da var ki, həmin xərc 50-60 minə bərabərdir. Təbii ki, bu, klub tərəfindən idarə olunmalıdır. Komissiya tərəfindən isə, əlbəttə, məsələlərə nəzarət edilir. Hər şey hesabatla olmalıdır - ödəniş hara köçürülür - hansı səfərə nə qədər xərc çəkilir: məsələn, geyim alınıbsa, haradan və neçəyə alınıb; harada, nə ilə qidalanıblar; nəqliyyata nə qədər xərc çəkilib və s. Hamısının hesabatı komissiya tərəfindən nəzarətdədir”.

Qeyd edək ki, Azərbaycan 1-ci Liqasının 5-ci turu çərçivəsində keçirilməli olan "İmişli" - "İrəvan" görüşünü qonaq komandanın futbolçuları maaş almadıqları üçün boykot ediblər.


Rövşən