Adrian Mutu: "Hazırkı "Neftçi" mənim istədiyim komandanın 60 faizi deyil"
"Neftçi" Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah Bakıda "Beşiktaş"la ilk oyununa çıxacaq.
mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu görüşdən öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Bizi Türkiyə komandalarından birinə qarşı çətin oyun gözləyir. Azarkeşlərimiz əmin olsunlar ki, meydanda yüz faizimizi verməyə hazırıq.
"Kəpəz"lə matçdan sonra demişdiz ki, üç gündən bir oynamağa hazır deyilik. Sabah komanda meydanda yüz faizini qoysa, sərfəli nəticə olacaq?
- Bunu komandanın fiziki durumunu nəzərə alıb demişdim. Üç gündən bir oynamaq və yaxşı çıxış etmək üçün geniş heyət olmalıdır. "Kəpəz"lə oyunda komanda yüz faizini verməyə çalışdı. Yorğunluğa baxmayaraq, həmin matçda qələbə qazanmalı idik. Yorğunluğu bəhanə edib onun arxasında gizlənmirik.
Müdafiənin mərkəzinə tanıdığınız futbolçuları transfer etdiniz. Sağ cinaha da Ervin Koffi alınıb. Sol cinah müdafiəçisi transferi gözlənilir?
- Təəssüf ki, Ervin Koffi ilk oyunda zədələndi. Bir neçə futbolçu ilə danışıqlar gedir. Hər mövqedə rəqabətin artması üçün çalışacağıq. Bu, komandanın xeyrinə olacaq. Ölkə çempionatındakı yerli limitini də nəzərə almaq lazımdır. Çalışırıq ki, kənardan proqnozlaşdırılmış komanda kimi görünməyək.
"Neftçi"nin hücumçu transferində gecikdiyini düşünmürsüz?
- Düz vurğuladınız, bir az gecikirik. Amma bir neçə oyunçu ilə danışıqlar gedir. Çətinliklər var. Buna baxmayaraq, həmin mövqeyə yaxşı futbolçu transfer etmək istəyirik.
"Neftçi" yeni komandadır, yeni baş məşqçi təyin olunub. Sanki komanda rəqib üçün "sirli qutu"dur. Bu, sizin üçün üstünlükdür?
- Düzü bilmirəm, necə cavab verim. "Beşiktaş"ın necə komanda olduğunu bilirik. Onlar öz ölkələrinin böyük komandasıdır, biz də öz ölkəmizin. Avropa arenasında bu cür oyunlarda hər şey baş verə bilər.
Premyer Liqaya məğlubiyyətlə başladınız. Bu, sabah mütləq qalib gəlməli olan komandanın üzərində təzyiq yaradır?
- Hər maəğlubiyyət komandanın üzərində təzyiq yaradır. Biz "Neftçi"yik. Məğlubiyyətin təzyiq yaratması normaldır. Azarkeşlər başa düşməlidir ki, biz güclü komanda qurmaq istəyirik. Hazırkı "Neftçi" mənim istədiyimin 60 faizi deyil. Transferlərdə bir az gecikmələr oldu. Bir az da bəxtsizlik yaşadıq. Ömər Buludov, Eddi İsrafilov zədələndi. Onlar komandaya kömək edə bilməyəcəklər. Hamıdan səbrli olmağı xahiş edirəm. Daha güclü "Neftçi" quracağıq.
Sabah üçlü müdafiə, yoxsa dördlü müdafiə sistemi ilə oynayacaqsız?
- Bu suala cavab verməyəcəm. Sabah görəcəksiz.
Azarkeşlərin sizdən gözləntiləri böyükdür. Bəs sizin onlardan gözləntiniz nədir?
- Bilirəm ki, fanatların bizdən gözləntisi çoxdur. Amma eyni anda da bir az realist olmalıyıq. "Beşiktaş"la matçda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.Reallığa baxsaq, "Neftçi" hazırda qurulmaq dönəmində olan komandadır. Biz də istəyirik ki, hər oyunda qələbə qazanaq. Səbrli olmalı və vəziyyətə real baxmalıyıq.
2003-cü ildə futbolçu kimi "Beşiktaş"a qarşı oynamısız. Sabahkı matça revanş kimi baxırsınız?
- Niyə revanş? Həmin matçda mən qol vurdum və biz növbəti mərhələyə adladıq. Onlar bizdən revanş almalıdır.
Bəzi rumıniyalı futbolçuların adı "Neftçi" ilə hallanır. Bunlardan hansı doğru xəbərdir?
- Rumıniya çempionatından cəmi iki oyunçu gətirmişəm. Hazırda sırf Rumıniya bazarına nəzər yetirmirəm. Mənim üçün əsas odur ki, götürdüyümüz futbolçu "Neftçi"yə faydalı olsun.
Sabah digər təmsilçilərimiz "Sabah" və "Qarabağ" da avrokubok matçına çıxacaq. Bu, sizin üçün Qurban Qurbanov və Murad Musayevlə rəqabət yaratmaq üçün nə dərəcədə önəmlidir?
- Onlarla rəqabət mənim üçün o qədər də vacib deyil. Azərbaycan üçün vacibdir ki, Avropada yaxşı nəticələr olsun. Fürsətdən istifadə edib çempionatı təşkil edən qurumdan xahiş edirəm ki, bizim avrokubok oyunlarını da nəzərə alsınlar və biz də həmin matçlarda daha enerjili olaq, Avropada uğurlu çıxış edək, Avropada uğurlu olmaq istəyiriksə, biz az dincəlməyə də vaxt ayırmaq lazımdır.