İllərdir “Sulya”nın kölgəsində gizlənən Nazim Süleymanov
Şağanda “Ulduz” futbol akademiyasının açılışından xəbəriniz var.
Açılış mərasimində ölkə idmanına və futbola cavabdeh şəxslər – gənclər və idman naziri Fərid Qayıbovdan AFFA-nın baş katibi Sərxan Hacıyevə qədər – məsul rəhbərlər iştirak edirdilər.
Rəsmilər arasında bir də Nazim Süleymanov yer almışdı.
Ötənlərin əfsanəsi, Azərbaycanın məşhur futbolçusu, Vladiqafqazın fəxri və.s. ayamalarla yaşlı nəslin sevimli siması.
Allahtərəfi, möhtəşəm futbolçu olub Süleymanov. “Sulya” ləqəbi ilə keçmiş sovetlər birliyində ad çıxarıb, “Alaniya”da iz qoyub. Bəli, məhz keçmişdə. İndi artıq 2023-cü ildir.
Düz 21 il əvvəl – 2002-ci ildə məşqçiliyə başlayan Süleymanov elə düz 21 ildir ki, “Sulya”nı xərcləməklə məşğuldur. Geridə qalan illər ərzində məşqçi kimi heç bir nəticə qazanmayan, çalışdığı bütün klublardan ya qalmaqal, ya uğursuzluğa görə göndərilən 58 yaşlı əfsanəmizin üzü “Jemçujina”dan ta “İrəvan”a qədər qarmaq atmadığı-işləmədiyi komanda qalmayıb.
“Xəzər-Lənkəran”, Azərbaycan milli komandası (köməkçi məşqçi), tarixə qovuşmuş “Olimpik-Şüvəlan”, “Neftçi”, “Sumqayıt”, “Ximki” və.s. klub-komandaları bir-bir dişinə çəkmiş qəhrəmanımız hələ bir dönəm həvəslənib AFFA-nın həndəvərinə yaxın buraxmadığı, ovaxtkı baş katib Elxan Məmmədovun üz göstərmədiyi, federasiyadan iş almayan, təqaüd davası edən bir neçə veteranla təşkilat yaratmış, bölgələrdə çıxışlar etmiş, hətta Azərbaycan Prezidenti İlham Əliyevə müraciət də ünvanlamışdı.
Azərbaycan futboluna gün ağlayacaqdı, guya. Hardan biləydik ki, Nazim müəllim heç özünə umac ova biləcək bacarıqda deyil. Zaman göstərdi bizə.
Mənasız xülya və planlarının ciddiyə alınmadığını, heç bir işə yaramadığını görüb üz tutdu ikinci “vətəninə” – Rusiyaya. Guya, Azərbaycan futbolundan qaçaq saldılar onu. Amma dərk etmədi ki, uğursuz hər yerdə uğursuzdur. Yəni, üz tutduğun sahədə qram bacarığın yoxdursa, Hollivuda da getsən, səni film pavilyonuna yaxın buraxmazlar. Zorla gözəllik olmur axı, Nazim Süleymanov!
Hələ də futbolçu kimi qazandığı imicin kölgəsində gizlənən və “Sulya”nın hesabına qazandırdığı hörməti xərcləyən Süleymanov bir neçə ay əvvəl “Pro” kateqoriyalı Elbrus Məmmədovu yola saldırıb “İrəvan”dakı yerinə əyləşməyi də özünə sığışdırmaqla futbol camiəsində ciddi və tamamilə haqlı tənqidlərə hədəf oldu, daha dəqiq ifadə eləsək, olan-qalan hörmətini də divara yapışdırdı.
Qeyri-ciddi rəhbərliyin şirin vədlərinə uyub peşəkarlığa sığmayacaq formada həmkarının yerinə keçən Süleymanov və klubunun vəziyyəti bu gün göz önündədir. Çempionatın başlanmasından 2 ay keçməyib, futbolçular üsyan, oyunu boykot edirlər...
Vaxtilə biz də içində olmaqla, idman mətbuatının böyük əksəriyyətinin dəstəyini alan dəyərli futbol veteranımız artıq o qədər qeyri-ciddi imic formalaşdırıb ki, yalnız adını eşidən gənc nəsil də onun məşqçilik fəaliyyətini məsxərəyə qoyur.
Yəni, o boyda Nazim Süleymanov, tarixə adını yazdırmış 3-4 azərbaycanlı futbolçudan biri olmuş “Sulya” nə qədər güclü oyunçu olmuşdusa, elə o qədər də zəif, xaraktersiz və uğursuz məşqçiyə çevrildi.
Kəsəsi, onun qeyri-ciddi, yarımçıq, uğursuz fəaliyyətlərini saymaqla bitməz. Sözümüzün mustafası budur ki, Süleymanov dünən açılışı olan “Ulduz” futbol akademiyasının təsisçisi imiş...
Əlavə şərhə ehtiyac var?
Bu qədər qeyri-ciddi cild almış, heç bir yerdə zərrə uğur qazanmamış birinin Azərbaycanda futbolçu yetişdirəcəyinə kim və necə inana bilər? Məncə, heç kim! Vay, övladını belələrinə tapşıranların halına...
“FİFA Elxan” az aşın duzu deyildi, zamanında nə etdiyini bilirmiş.
AYXAN