"Avrokubokların qrup mərhələsinə çıxsam, onda özümə yaxşıların yaxşısı deyərəm"
"Qarşılaşmanın ağır keçəcəyini uşaqlara demişdim. Rəqib turnir cədvəlində bizdən çox uzaqlaşmamalıydı. Dörd ildən sonra ikinci ev oyununda "Kəpəz" sevərlərə qələbə bəxş etdik".
mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib.
O, Premyer Liqanın 12-ci turunun "Səbail"lə (3:0) oyunu haqda fikirlərini bölüşüb:
- Futbolçularda təzyiq hiss olunurdu. Zaman keçdikcə rəqibi əks-hücumda tutaraq oyunu öz tərəfimizə çevirmək istəyirdik. Bu da bəhrəsini verdi. Səhvlərimiz çoxdu, amma 3:0 qalib gəldik, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizin dəstəyi bizim üçün stimuldu. İstədiyim tam formanı bərpa etməmişik, buna zaman lazımdı. Ümumilikdə komanda istəklidi, mübarizdi, baxımlı futbol oynamağa çalışır. Bu da məni sevindirir".
Abdullahi Şuaybunun effektli çıxışında sizin təsiriniz var?
- Məşqçilər futbolçunu öz fəlsəfəsinə görə seçir. Ancaq indi elə dövrə çatmışıq ki, məşqçi özünün seçmədiyi oyunçularla işləyir və orada istədiyi komandanı formalaşdırmağa başlayır. Çalışırıq ki, futbolçularımız daha yaxşı özünü göstərsin. Şuaybu cavan olsa da, mübarizələrdən qorxmur, çalışır rəqibin müdafiəsini təzyiqdə saxlasın. Biz də onun üçün şərait yaradırıq. Mən gələndə Şuaybu cinah yarımmüdafiəçisi kimi çıxış edirdi. Sürətini, gücünü hiss etdik və hücumda sınadıq. Gördük ki, bizə xeyir verəcək futbolçudu. Hər futbolçunun parlaq, yüksəliş dövrü olur. Zaman keçdikcə daha da istəklidi. Şuaybunu iki mövqedə oynatmaq olur. Ona nə qədər dəstək olsaq da, futbolçunun özünün istəyi önəmlidi.
Matçı izləyənlər arasında Gəncənin İcra başçısı Nizam Bayramov da var idi. Oyundan sonra görüş oldu. Nələr danışdız?
- Şəhərin icra başçısının komandaya dəstək olması, paltardəyişmə otağında futbolçularla görüşməsi böyük qayğıdan xəbər verir. Bu, bizi sevindirir. Görüşdü, təbrik etdi. Dedi ki, yaxın vaxtlarda hər şey yaxşı olacaq.
"Neftçi"yə pis dönəmdə gəldiz, komandaya medal qazandırdız, ancaq sizə qapını göstərdilər. "Keşlə"də də (indiki "Şamaxı") uğur qazandız, eyni hadisə yaşandı. İndi isə "Kəpəz"dəsiz, eyni ssenarinin yaşanacağından ehtiyatlanırsız?
- Zamanın mənim üçün nə hazırladığını bilmirəm. İşimə həvəslə, məsuliyyətlə yaşanıram. 2011-ci ildən 2013-cü ilə qədər "Neftçi"də işlədiyim dönəmdə də məsuliyyətimi hiss etmişəm. Oynadığım futbolu, ad-sanımı düşünmüşəm. Hər zaman fikirləşmişəm ki, büdcəsi az olan komandaya belə, dəvət etsələr, məsuliyyətlə işləyim. Çətin durumda olan komandada işləyib uğurun açarını tapmağa çalışıram. "Kəpəz"dəki gələcəyimlə bağlı bir söz deyə bilmərəm, yaşayıb görərik. İstəyim odur ki, Allahın izni ilə komandanın əvvəlki adını daha da yaxşı imiclə Azərbaycan futboluna yazdıraq.
Sabiq FİFA regerisi Xaqani Məmmədov deyib ki, Azərbaycanın ən güclü məşqçilərindən biri Tərlan Əhmədovdu.
- Xoş sözlər hər bir insan üçün sevindiricidi. Xaqani Məmmədov da uzun illərdir Azərbaycan futbolunda hakimlik etmiş yaxşı hakimimizdi. Hakimlər komitəsinin sədri də işləyib. Yaxşıların ən yaxşısıyam fikri barədə heç düşünməmişəm. Qurban Qurbanovun nəticəsi varsa, komandası uzun illər avrokuboklarda çıxış edirsə, hələ ki, bir nömrə odur. Hamımız ona dəstəyik. Nə vaxtsa hansısa komandanı baş məşqçisi kimi avrokuboklarda qrup mərhələsinə çıxsam, bəlkə də özüm olduğunu deyərəm. Çalışırıq ki, Azərbaycan futboluna xidmət edək.