"Sumqayıt"ın rəqiblər üçün başağrı yox, nə olacağını görəcəksiz"
Geridə qalan 12 turda cəmi 2 qol vuran "Sumqayıt" Premyer Liqanın 13-cü həftəsində "Neftçi"nin qapısına 2 dəfə yol tapdı.
mediasport.az xəbər verir ki, qələbəni son anda əldən verən Sumqayıt təmsilçisinin baş məşqçisi Samir Abasov hələ çox çalışmalı olduqlarını vurğulayıb.
- Oyun gərgin keçdi. İstəmirəm əziyyət çəkib qazandığımız xala kölgə salım. Həddən çox işləməliyik. Uduzmamışıq, xal baxımından bizi sevindirir. Amma bu, əsla bizim oyunumuz olmayacaq. Rəqib bu qədər boşluq verirsə, sən də futbol oynamalısan, meydanda daha çox şey etməlisən. Bunu soyunub-geyinmə otağında futbolçularıma çatdırdım. Çoxunuz bilmirsiz, hətta rəqib də bilmirdi mənim futbolçularım hansı vəziyyətdə meydana çıxıb. Səbuhi, Todor, Murad, Elvinin qızdırması var idi, 3 futbolçumuz isə zədəli idi. Belə halda yorulmalar, oyundan düşmələr normaldır. "Sumqayıt" azarkeşləri bu gün möhtəşəm idilər, stadionu doldurmuşdular. Bizə inanın, bu, bizim futbolumuz olmayacaq. "Sumqayıt"ın rəqiblər üçün başağrı yox, nə olacağını görəcəksiz.
"Turan Tovuz"la oyundan sonra demişdiz ki, I Divizion səviyyəsində oyun izlədik. Bir həftədə nə dəyişdi?
- Əsas odur ki, futbolçular özləri dərk eləsinlər. "Turan Tovuz"la matçdan sonra fikirlərimi yanlış anlayanlar oldu. Mən öz komandama cavabdehəm. Deyirəm ki, Tovuzda stadiona o qədər azarkeş gəlirsə, biz yaxşı oyun nümayiş etdirməliyik. Orada belə oyun olsaydı, azarkeşlər deyə-deyə, gülə-gülə stadiondan evə gedərdilər. Həmin qarşılaşmada biz də qalib gəlsəydik, eyni sözləri deyəcəkdim. Nə dəyişdi? Bir günün içində heç nə düzəlmir. Futbolçularımız çox şey bacararlar, ən yaxşısını edə bilərlər. Əsas onları inadırmaqdır. Yəqin, bu gün də o gün idi.
Bu oyunu sizin "Neftçi"yə mesajınız kimi qəbul etmək olar?
- Boş verin. Mənim "Neftçi" ilə əlaqəm qalmayıb. Heç nə sübut etmək istəmirəm. "Neftçi" bu gün bizdən güclü komandadır. Heç-heçə etməyimizə baxmayaraq, oyundan razı deyiləm. Fikirləşirəm ki, biz bu gün qələbə qazana bilərdik. Bu gün heç kimə mesaj, SMS göndərmək istəmirəm. Bunu ağlımdan da keçirmirəm. "Neftçi"yə qarşı digər oyunlara olduğu kimi hazırlaşmışdıq. Uşaqlar da dərk edir ki, bu qədər uduzmaq olmaz. Hər həftədən-həftəyə yaxşı oluruqsa, bu, bizim xeyrimizədir.
Aydın Bayramovun oyununda geriləmə hiss olunur. Bu, rəqabətsizlikdən qaynaqlanır?
- Mən bura gələndə artıq vəziyyət belə idi. Cavan qapıçımız var. Aydına bir şey olsa, bəlkə də İlnura yol açılar, perspektivlidir. Hər şeyi axarına buraxaq. Qışda qapıçı məsələsinə mütləq baxacağıq.
Regekampfla aranızda yaşanan münaqişədən sonra qırmızı vərəqə ilə cəzalandırıldız, bunu gözləyirdiz?
- Həmin an fikirləşdim ki, iki kişinin arasında olan söhbətdir. Niyə olduğunu da açıqlamaq istəmirəm. Aramızda oldu, keçdi. Qırmızı vərəqəni, açığı, gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim.
Regekampf da açıqlamaq istəmədi...
- Yəqin o da mənim kimi kişidir.
Son dəqiqələrdə qaçırılan epizodlarda hansı hissləri keçirdiz?
- Tutub onu döyərdim (gülür).