"Məqsədim daha yaxşı kluba keçməkdir, burada vəziyyət ürəkaçan deyil" - MÜSAHİBƏ
Azərbaycan milli komandası və Türkiyə 1-ci Liqa klubu “Tuzlaspor”un müdafiəçisi Bəxtiyar Həsənalızadə Mediasport.az saytına müsahibə verib.
"Tuzlaspor"a tam uyğunlaşdığını demək olar?
- Bəli. Türkiyə klubunda işlərim normaldır. Düzdür, turnir cədvəlində geridəyik, amma ümid edirəm ki, tezliklə qələbələr qazanaraq yuxarı pilləyə qalxacağıq.
Son turda "Göztəpə"yə məğlub olduz.
- Oyun çətin keçdi. "Göztəpə" iddiali kollektivdir. Səfərdə oynayırdıq. Onların güclü azarkeş dəstəyi var. Stadionda əla atmosfer yaratmışdılar. Çox təəssüf ki, məğlub olduq. Səhvlərimizi görüb düzəltmək üçün bu qarşılaşma bizə yaxşi təcübə oldu.
Komandanızın uğursuz çıxışlarının səbəbi nədir. Sonuncu pillələrdə qərarlaşmısız, hədəfiniz nədir?
- Mövsüm başlayanda hədəf olaraq daha yüksək yerdə olmaq istəyirdik. Ancaq çempionata yaxşı başlmadıq, sonradan toparlanmaq isə çətin oldu.
Mövsümün sonunda Türkiyədə qalacaqsan, yoxsa Azərbaycana qayıtmağı düşünürsən?
- Hələ ki, komandamla müqviləm var. Məqsədim daha yaxşı kluba keçməkdir. "Tuzlaspor"da vəziyyət elə də ürəkaçan deyil. Çalışıram formama fikir verim, komanda üçün faydalı olum. Hal-hazırda gözləmə mövqeyindəyəm.
Maraqlıdır ki, klubunda oynamayanda millidə əsas heyətdə meydana çıxdın. Klubda daimi oynayıb qol vuranda isə yığmaya dəvət almadın. Bunu necə izah edə bilərsən?
- Buna millinin məşqçi heyəri qərar verir. Məni yığmaya çağırdıqları üçün təşəkkür edirəm. Çağırılmayanda isə özümdə də səhv ola bilər.
Artıq De Byazi getdi. Səncə, milli komandamızı yenidən əcnəbi çalışdırmalıdır, yoxsa yerli mütəxəssis?
- Əslində, yerli məşqçi olsa, daha faydalı ola bilər. Həm futbolçularımızı, həm də çempionatımızı tanıyır. Əcnəbi məşqçinin bunları etməyi vaxt aparır. Yenə də qərar verənləri gözləmək lazımdır.