"Bir neçə yaxşı oyundan sonra zəif oyunun olmalıdır" - Azər Bağırov
"Araz Naxçıvan" futbol klubunun baş məşqçisi Azər Bağırov Mediasport.az saytına müsahibə verib.
Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən necə istifadə etdiniz?
- Komandada hər şey qaydasındadır. Əsasən taktiki məşqlərə üstünlük verdik. Milli komandaya gedən futbolçularımız var idi. Bir neçə legioneri evə buraxmışdıq ki, fasilədən istifadə edərək öz ailələrini görə bilsinlər. Həm də iki oyunluq məğlubiyyətin stressindən çıxsınlar.
Son iki turda məğlub olmusunuz, bunun səbəbini nədə görürsüz?
- Heç bir halda uduzmaq istəmirik. Məğlub olmaq futbolun yazılan qaydalarındadır. Bir neçə yaxşı oyundan sonra zəif oyunun olmalıdır. 11 tur oyunlarda gözəl çıxış etdik. "Sumqayıt"la isə birmənalı olaraq zəif təsir bağışladıq. "Kəpəz"lə maçtda rəqibin bir qol epizodu oldu, ondan da yararlandılar. Əksinə, biz qol fürsətlərini dəyərləndirə bilmədik. Fasilədə elə həmin boşluqlar üzərində işləmişik.
Növbəti turda komandanızı "Neftçi" ilə oyun gözləyir.
- "Zenit"lə oyunlarına baxmışıq. "Neftçi" çox yaxşı formadadır. Milli komandada çıxış edən güclü futbolçuları var. Bizi çətin oyun gözləyir. Bacardığımız qədər mübarizə aparacayıq.
Qış fasiləsinə az müddət qalıb. Ən azı hansı pilləni tutmaq istəyirsiz?
- Oyundan oyuna artırmaq istəyirik. Qış fasiləsində güclənə biləcəyimiz mövqelər var. O vaxta qədər maksimum xal toplamaq niyyətindəyik.
Milli komandanın AVRO-2024-ün seçmə qrupun son 2 oyununu necə dəyərləndirirsiniz?
- Yığmamızın evdə İsveçə qarşı oyununu yaxşı mənada qiymətləndirirəm. Futbolçular layiqli mübarizə apardılar. Rəqibdən qorxmadıq, hücuma keçdik, azlıqda olmağımıza baxmayaraq, qol vurmağı bacardıq. Belçika ilə qarşılaşmada futbolçuların oyuna köklənməsi cəhətdən problem hiss olunurdu. Üstəlik qırmızı vərəqə durumu daha da çətinləşdirdi.