Azərbaycan Avropa çempionatında 13 cüdoçu ilə təmsil olunacaq
Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, ölkəmizi 3 günlük yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 idmançı ilə təmsil edəcək.
Qadınlarda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq), kişilərdə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaqlar.
Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar.
Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət yığmaların cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çexiya, Özbəkistan, Yaponiya, Türkiyədə və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.
Qitə birinciliyi aprelin 25-də start götürəcək.