Azərbaycanı olimpiadada təmsil edəcək ilk cüdoçu müəyyənləşib
Azərbaycanı bu il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında təmsil edəcək ilk cüdoçu dəqiqləşib.
Mediasport.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, nüfuzlu yarışda 100 kiloqram çəki dərəcəsində Zelim Kotsoyev qüvvəsini sınayacaq:
“Düzdür, son qərarı dünya çempionatından sonra verəcəyik. Amma 100 kiloqramda Olimpiadaya kimin gedəcəyini demək olar ki, dəqiqləşdirmişik. Bu çəkidə Zelim Kotsoyevin alternativi yoxdur. Öz çəki dərəcəsində dünya reytinqində ikinci pillədədir. Onun Azərbaycanda tayı-bərabəri yoxdur. Digər çəkilərdə isə kimlərin gedəcəyinə hələ qərar verilməyib. Qərarı federasiya olaraq, məşqçilər korpusu ilə birgə verəcəyik”.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.