Azərbaycan Şahmat Federasiyası ilin yekunları ilə bağlı tədbir keçirdi
Azərbaycan Şahmat Federasiyası (AŞF) ilin yekunları ilə bağlı tədbir keçirib
Mediasport.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov təqvim üzrə ölkəmizdə yerli və beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini bildirib. O, Ümumdünya Şahmat Olimpiadasından öncə millinin yarışlara ciddi hazırlaşması üçün Avropadan təcrübəli mütəxəssislərin dəvət olunduğunu xatırladıb. Qurum rəsmisi kişilərdən ibarət yığmanın Olimpiadadakı çıxışını uğurlu qiymətləndirib.
AŞF-nin prezidenti Mahir Məmmədov 2024-cü ilin ölkə şahmatı üçün maraqlı keçdiyini vurğulayıb. O, Azərbaycan çempionatlarında bütün şahmatçıların çıxışının məcburi olacağını deyib. M.Məmmədovun sözlərinə görə, növbəti seçimədək Azərbaycan millisinin üzvlərinə tutduqları reytinqə uyğun olaraq təqaüd ayrılacaq.
Gənclər və idman naziri Fərid Qayıbov da ilin Azərbaycan şahmatı üçün uğurlu alındığını bildirib. O, Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı olmasını 2024-cü ilin ən yaddaqalan və unudulmaz hadisələrindən biri kimi dəyərləndirib. Nazir Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində idmançılarımızın tarixi qələbələr əldə etdiklərini diqqətə çatdırıb.
Ardınca Azərbaycan şahmatının 2024-cü ildə keçdiyi yola videoçarx vasitəsilə nəzər salınıb.
Fətəliyeva, 20 yaşlı qızlar arasında keçirilmiş dünya çempionatında bürünc medal qazanan Ayan Allahverdiyeva və V Avropa Universitet Oyunlarında rapid turnirində birinci, blitsdə isə ikinci yeri tutan Vüqar Manafovla Elmar Atakişiyevə təşəkkürnamə və pul mükafatı təqdim olunub.