Məşhur idmançılara həbs verilsə də, 28 günə azadlığa çıxacaqlar
MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun məhkəməsi başa çatıb.
Mediasport.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Müslüm Şahmarov idmançıların ayrı-ayrılıqda xuliqanlıqda təqsirli bilinmələrini - R.Əfəndiyev, T.Musayev, V.Kərimov, X.Rüstəmov və R.Əsədovun 1 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
İttiham çıxışında sərbəst mühakimə olunan T.Musayevin məhkəmə zalından həbsi tələb olunub.
Bütün vəkillər müdafiə çıxışlarında müvəkkilərinə əsassız ittiham verildiyini iddia ediblər.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. İdmançılar özlərini təqsirli bilmədiklərini bildirərək, ədalətli qərar çıxarılmasını xahiş ediblər.
Hökmə əsasən, Tofiq Musayevdən başqa idmançıların hər biri 6 ay azadlıqdan məhrum edilib. T.Musayev 1500 manat cərimə cəzası ödəyəcək.
Hadisə bir neçə ay əvvəl baş verdiyi üçün idmançılar 28 gün sonra azadlığa buraxılacaqlar.
Xatırladaq ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində yaşanıb.
İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb və orada tanınmış idmançı Həsən Əzizov döyülüb.