Avtomobil qəzası keçirən daha bir PFL əməkdaşı evə buraxılıb
Dekabrın 16-da səhər saatlarında Xankəndiyə gedərkən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində ağır qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb.
Mediasport.az xəbər verir ki, qurumun media və marketinq direktoru Sənan Abdullayevin xəstəxana şəraitində müalicəsi başa çatıb.
Daha bir şad xəbər isə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevin palataya köçürülməsidir. Qurumun prezidenti Elxan Səmədovun müalicəsi reanimasiyada davam etdirilir.
Qeyd edək ki, ötən gün PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov evə buraxılıb.