"Azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək"
Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişib.
mediasport.az xəbər verir ki, internetdə yayılmış videoda 2016-cı il təvəllüdlü Fərid Bakarovun Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçdiyi sambo məşqləri zamanı zorakı hərəkətlərə məruz qaldığı aşkar görünür.
Ağır bədən xəsarətləri alan 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən boynunun qırılaraq vəfat ediyi bildirilir. Məhkəmənin hökmü ilə məşqçi barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Azərbaycan Cüdo Federasiyasının ardından, Gənclər və İdman Nazirliyi də hadisə barədə bəyanat xarakterli məlumat yayıb:
"Gənclər və İdman Nazirliyi 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin!
Son günlər mətbuatda yayılan video görüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi Mehman Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Əminik ki, azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək".