"Bizi büdrətməyə çalışacaqlar, Bakıya boşuna gəlməyəcəklər"
"Qarabağ"ın müdafiəçisi Toral Bayramov "Qəbələ" ilə matçdan sonra Mediasport.az saytına müsahibə verib.
3:0 hesablı qələbə haqqında nə deyə bilərsən?
- Yaxşı oynadıq. İstədiklərimizi meydanda reallaşdıraraq qələbə qazandıq.
Öz çıxışlarından razısan?
- Öz oyunum haqda fikir bildirməyim düzgün çıxmaz. Baş məşqçi və ya kənardan fikir bildirsələr, daha düzgün olar.
Premyer Liqada növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız. Ola bilər ki, rəqiblə yeni istifadəyə verilmiş stadionda qarşılaşasız.
- "Sumqayıt" haqda indidən fikir bildirmək düzgün deyil. Çünki bu günə kimi "Qəbələ" ilə oyuna hazırlaşırdıq. Bu gündən sonra "Sumqayıt"ı düşünmək olar. Onlar pis formada deyillər. Neçə oyundur uduzmurlar. Yaxşı, maraqlı matç olacaq.
Daim əsas heyətdə meydana çıxmamağın fiziki durumuna nə dərəcədə təsir edir?
- Heç bir təsir etmir. Baş məşqçi nə qərar verirsə, biz də o qərara sevə-sevə əməl edirik. Nə vaxt şans gəlirsə, maksimumu verməyə çalıram.
Öz gücünə bələdsən, səncə, əsas heyətə həqiqətən Elvin Cəfərquliyev layiqdir, yoxsa rəqabətdəsiz?
- Elvinlə meydandan kənar çox yaxşı münasibətim var. Dostuq. Amma meydanda baş məşqçi kimi buraxırsa, o da oynayır.
Qayıdaq Avropa Liqasına - Norveçdə "Molde"yə qalib gəlirdiz, sonra 2 top buraxıb hesabda geri düşdüz və nəhayət, son saniyələrdə bərabərlik qolunu vura bildiz. Nə baş verirdi?
- Norveçdə çətin olacağını əvvəlcədən bilirdik. Ora da yaxşı hazırlaşmışdıq. Rəqib çox güclü idi. Üstəlik, "Molde" evdə yaxşı oynayır. Hava amili də var, dəhşət soyuq idi. Amma 2:2 edə bildik, səfərdən bizə srəf edən hesabla qayıtdıq. Orada da pis təsir bağışlamamışdıq.
Amma "Hekken"lə görüşdə "Qarabağ"a mütləq qələbə lazımdır. Güclü azarkeş dəstəyi də gözlənilir.
- Hər oyuna 100 faiz konsentrasiya ilə çıxırıq. "Hekken"lə matç da elə olacaq. İsveç klubuna qarşı daha çox istəkli olmalıyıq, daha çox vuruşmalı və qaçmalıyıq. Ümid edirəm ki, bu oyunda da istədiyimiz nəticəni əldə edərik.
"Hekken" də Skandinaviya təmsilçisidir, "Molde" də. Səncə, "Molde"yə dəstək üçün oynayacaqlar sizinlə?
- "Molde"yə dəstək deməzdim, çünki onların özünün xalları yoxdur. Ona görə əlbəttə, Bakıya boşuna gəlməyəcəklər. Bizi büdrətməyə çalışacaqlar. Hər şey öz əlimizdədir. İnanıram ki, komanda şəklində baş məşqçinin dediklərini düzgün yerinə yetirib, yaxşı nəticə ilə oyunu bitirib xalqımızı, ölkəmizi sevindirərik.