"Müdafiədə böyük problemlərimizin olacağına inanmıram" - MÜSAHİBƏ

"Müdafiədə böyük problemlərimizin olacağına inanmıram" - MÜSAHİBƏ

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Mediasport.az saytına müsahibə verib.


Təcrübəli futbolçu əvvəlcə Azərbaycan Premyer Liqasının 15-ci turunun "Qəbələ" ilə ev oyunu (3:0) haqqında fikirlərini bölüşüb:

- “Qəbələ” yaxşı komandadıdr, yaxşı əks-hücumlara çıxır. Bizdən əvvəl “Turan-Tovuz”la matçda da onların güclü tərəflərini gördük. Buna çox ciddi hazırlaşmışdıq. Norveçdən sonra bir az yorğunluq var idi. Uzun yol qət etmişdik, orada çox enerji itirmişdik, emosiya yüksək idi. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirdik, yaxşı pressinq edib layiqli qələbə qazandıq. 

Çempionatda uzun müddət “Zirə” lider olsa da, “Qarabağ” artıq bu komandanı keçdi.

- Mövsüm hələ uzundur, indidən nəsə deməyək. Çox komanda xallar itirəcək. Lakin biz hər oyuna məsuliyyətlə yanaşmalıyıq. Çünki biz iki cəbhədə oynayırıq və çətindir. Hər oyuna sonuncu kimi yanaşırıq. Heyətdə problemimiz var, Kevin Medina sıradan çıxıb. Bu, bizim üçün böyük itkidir. Düzdür, onu əvəzləyəcək oyunçularımız var. Uşaqlar yaxşı hazırlaşırlar. Hamı öz işini bilir.

Medinanın uzun müddət olmayacağını nəzərə alsaq, onu layiqincə əvəz edəcəyinə hazırsan?

- Bütün futbolçular, həmçinin də mən oynamağa, istənilən oyunçunu əvəz etməyə hazıram. Kevin komandamızın liderlərindən biridir. Əlbəttə ki, onun yoxluğu bizim üçün itkidir. Lakin dediyim kimi, onu əvəzləyəcək oyunçumuz da var. Qarşıda oyunlarımız çoxdur. Müdafiədə böyük problemlərimizin olacağına inanmıram.

Kuboku da əlavə etsək, əslində üç cəbhədə mübarizə aparırsız. Hara qədər gedə bilərsiz?

- Düzdür, bu, birinci dəfə deyil. Demək olar ki, hər il üç cəbhədə oynayırıq. Bərpa üçün az vaxtımız olacaq. Amma işimizdir, hazırlaşmalıyıq. İlin sonuna qədər beş vacib oyunumuz qalıb. Yaxşı oyun göstərib, fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirik.

Yəqin ki, bu 5 matç içində ən vacibi “Hekken”lə görüş olacaq.

- Bəli, çox vacib oyundur. Bütün azarkeşlər bu oyunda bizdən yaxşı nəticə gözləyir. Yaxşı oyun göstərib uğurlu nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Qarşıda bizim “Sumqayıt”la da oyunumuz var. “Hekken”lə qarşılaşmaya yaxşı formada olacağımızı düşünürəm. Bu oyunda mütləq qalib gəlmək istəyirik.

Səncə, Norveçdə “Molde” ilə görüşdə son saniyələrdə vurduğunuz qol “Qarabağ”ın ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə çıxması üçün dönüş nöqtəsi olacaq?

- Ola bilər. Biz də istəyirik. Artıq hamı uzun illərdir ki, gözləyir. Biz özümüz də pley-off mərhələsinə çıxmaq arzusundayıq. Mövsümə yaxşı başlamışdıq, “Bayer”lə layiqli oyun göstərmişdik. “Molde” ilə oyun çətin idi. Oradakı hava şəraitini nəzərə almaq lazımdır. Qrup mərhələsini yaxşı notlarla başa vurmaq niyyətindəyik.