"Beşiktaş"da Cenk Tosun və Gezzal "Neftçi"yə qarşı oynamayacaq
Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçı çərçivəsində avqustun 10-da Bakıda "Neftçi" ilə qarşılaşacaq "Beşiktaş" meydana ciddi itkilərlə çıxacaq.
mediasport.az xəbər verir ki, "qara qartallar"ın heyətində ilk görüşdə kapitan Cenk Tosun və Raşid Gezzal oynamayacaq.
Məlumatı İstanbul nəhənginin baş məşqçisi Şenol Günəş paylaşıb. Təcrübəli mütəxəssis bildirib ki, hər iki futbolçu zədədən yeni qayıdıb və onları riskə atmayacaq.
"Cenk Tosun ağır zədədən qayıdıb, vəziyyəti normallaşır. Lakin "Neftçi" ilə oyunda meydana çıxması çətin görünür. Cavab qarşılaşmasında oynaya bilər. Həmçinin Gezzal da fərdi məşqlərini davam etdirir. O, komanda ilə məşqlərə gələn həftədən başlayacaq".
Qeyd edək ki, "Neftçi Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq. Cavab görüşü avqustun 17-də İstanbulda keçiriləcək.