"Bir az yorğunluq var, vəziyyəti tam tənzimləyə bilməmişik”
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qarabağ" pley-off mərhələsinin "Olimpiya" ilə ilk oyunu üçün Sloveniyaya yola düşüb.
mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında görüşqabağı fikirlərini bölüşüb.
Heyətdə 2 zədəli futbolu olduğunu deyən 51 yaşlı mütəxəssis yorğunluqlarını gizlətməyib: “Bədavi Hüseynov və Marko Veşoviç zədəlidirlər., qalan futbolçularda hər şey qaydasındadır. Matça hazırlıq zamanı komandada yorğunluğun azalması üçün maksimum dərəcədə çalışdıq. Bir az yorğunluq var. Son vaxtlar 3-4 gündən bir oyuna çıxırıq, səfərlər edirik. Vəziyyəti tam tənzimləyə bilməmişik”.
Rəqib komanda haqqında yüksək fikirdə olan təcrübəli mütəxəssis komandasına, futbolçularının təcrübəsinə inandığını bildirib: “Turnirin ilk vacib etapının son mərhələsidir. Düzgün konsentrasiya olunmaq üçün maksimum dərəcədə çalışacağıq. İnanıram ki, futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldıracaq. Yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəyik. “Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var. Ən azı azarkeşlər üçün maraqlı oyun olacaq”.
Qeyd edək ki, sabah keçiriləcək “Olimpiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.