"Beşiktaş" bilməlidir ki, itirəcəyimiz heç nə yoxdur və diqqətli olmalıdır”
"Neftçi" bu gün Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Beşiktaş"ın qonağı olacaq.
mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu və müdafiəçi Yuri Matias İstanbulda baş tutacaq oyundan öncə jurnalistlər qarşısına çıxıb.
Əvvəlcə baş məşqçi fikirlərini bildirib: “Bilirik ki, bizi çətin oyun gözləyir, amma Konfrans Liqasında bu cür görüşlər keçirmək çox yaxşı hissdir. Təbii ki, iki top fərqini aradan qaldırmalıyıq. Rəqibimiz çox güclü olsa da, bunun öhdəsindən gəlməyə çalışacağıq.
“Beşiktaş”la qarşılaşacağımız bilinəndə artıq bizi hesabdan silmişdilər. İlk oyunda məğlub olmağımıza baxmayaraq, futbolda hər şey mümkündür. Başa düşürük ki, iki top fərqini aradan qaldırmalıyıq. Bu matçda azarkeşlərimizə və geyindiyimiz formanın rənglərinə hörmət əlaməti olaraq əlimizdən gələni edəcəyik.
Adətən bu cür komandalarla Konfrans Liqasında deyil, Çempionlar Liqasında qarşılaşmaq olur. Zədəliləri çıxmaq şərtilə, demək olar, eyni heyətlə mübarizə aparacağıq. Heyətimiz geniş deyil, yeni transferlərin olacağı gözlənilir. İki cəbhədə mübarizə aparmaq üçün geniş heyətə malik olmaq lazımdır. Bu vəziyyətdən yaxşı şəkildə çıxmağa çalışırıq. Biz buradayıqsa, deməli, buraya qələbə qazanmaq üçün gəlmişik.
“Səbail”lə oyundan sonra yalnız bərpa məşqinə vaxtımız olub. Vaxt qıtlığı olduğu üçün “Sabah”la oyuna da eyni qaydada hazırlaşacağıq. “Beşiktaş”la ilk matçın ikinci hissəsində oynayan “Neftçi”ni görmək istəyirəm. Çalışacağıq öz üslubumuzda oynayaq. Seçdiyin üslubu yaxşılaşdırmaq istəyirsənsə, rəqibdən asılı olmayaraq, eyni tərzdə oynamağa davam etməlisən. Heyətimizdə o qədər də çox futbolçu yoxdur deyə, bu sual qarşısında mat qaldım.
Elə bir məqam yaranıb ki, hansı heyətlə çıxış edəcəyimizi baxıb çözmək olar. Bizim də heyətimiz gələcəkdə “Beşiktaş”ın heyəti kimi geniş olsa, daha yaxşı çıxış edib, daha yaxşı nəticələr qazanarıq. Gənc futbolçularımız çoxdur, amma iki top fərqini aradan qaldırmaq üçün əsasən təcrübəlilərdən istifadə etməliyik. Çox məqama nəzər yetirməliyik, heç də asan olmayacaq. Nəticədən asılı olmayaraq, var gücümüzü ortaya qoyacağıq. Köklənib istədiyimiz oyunu göstərə bilərik. İlk matçın ikinci hissəsində “Beşiktaş”a göstərdik ki, futbol oynaya bilirik. Rəqib bilməlidir ki, itirəcəyimiz heç nə yoxdur və diqqətli olmalıdır”.
Daha sonra Matias fikirlərini bölüşüb, braziliyalı futbolçu oyunun çətin olacağını bildirib: "Beşiktaş” güclü komandadır, amma bu cür rəqibə qarşı oynamaq xoşdur. Düşünürəm ki, futbolda hər şey mümkündür və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk oyunda buraxdığımız qollar təkcə müdafiə xəttinin deyil, bütün komandanın səhvi idi. İkinci hissədə heç olmasa, hesabı bərabərləşdirmək üçün yaratdığımız çoxsaylı qol epizodlarını da unutmaq olmaz. Təbii ki, buraxdığımız qollar ilk oyunun nəticəsini həll etdi. Səhvlərimizi dərk edirik və səhvsiz oynamağa çalışacağıq”.