"Bir sıra səhvlərimiz də oldu"
"Sumqayıt" Antalya toplanışı çərçivəsində keçirdiyi son matçda Özbəkistanın "Soqdiana" klubuna 3:1 hesabı ilə qalib gəlib.
Mediasport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis təlim-məşq toplanışının yaxşı keçdiyini bildirib: "Plana uyğun olaraq Antalyada son yoxlama oyunumuzu keçirdik. Hava şəraitinə görə matçın təxirə salınacağından narahat idik, amma, şükürlər olsun ki, oyun baş tutdu və proqramımızdan kənara çıxmadıq.
Bu görüşdə bəzi oyunçuları onlara yad olan mövqelərdə yoxladıq. Bu da yoldaşlıq oyunlarının özəlliklərindən biridir. Uşaqlar da tam köklənmişdilər. Düzdür, bir sıra səhvlərimiz də oldu. Lakin toplanış boyu fiziki yüklənmələrin olduğunu, oyunun gedişatı zamanı verilən tapşırıqları nəzərə alsaq, hər şey normaldır.
S.Abasov Türkiyə toplanışı haqqında ümumi fikirlərini də bildirib:
"Ümumi toplanış barədə onu deyə bilərəm ki, hər şey ürəyimizcə oldu. Komandamdan razı qaldım. Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər. Artıq ətənə yola düşürük. Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq ki, bu oyuna da hazırlaşmağa bir xeyli vaxtımız var".