Sadıqov "Qarabağ" haqda: "Mənə görə şanslar yenə də bərabərdir"
"Təəssüflər olsun ki, “Qarabağ”ın “Olimpiya” ilə oyununu yaxşı izləyə bilmədik, ilk yarıda yayım yox idi, internetdən həvəskar kamera ilə baxırdıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Uzun illər "Qarabağ"ın müdafiəçisi və kapitanı olmuş mütəxəssis keçmiş klubunun Avropa Liqasında "Olimpiya" ilə səfər matçını dəyərləndirib.
Sadıqov bildirib ki, 2:0 hesablı qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz: "Gördüyümüz qədərilə “Qarabağ” çox yaxşı oyun keçirdi və vacib də qələbə qazandı. Amma məncə, hələ bu ikilinin ən vacib oyunu qarşıdadır. “Qarabağ” 2:0 qalib gəlsə də, uduzsaydı da, yenə raundun həlledici məqamı cavab qarşılaşması olacaq".
Sadıqov "Olimpiya" Bakıda sürpriz edə bilər?" sualına belə cavab verib:
"Onların itirəcəyi bir şey yoxdur, ona görə riskə gedəcəklər. Amma “Qarabağ” bu gün riskə risklə cavab verə bilməz. Mütləq şəkildə, “Qarabağ” daha ağıllı oynayacaq. İtirəcək bir şeyi olmayan rəqib hər zaman təhlükəlidir. “Qarabağ”ın ilk oyundakı qələbədən sonra Avropa Liqasının qrup mərhələsinə düşmək şansına gəlincə, səfərdəki hesab 4:0, 5:0 olsaydı, hə. Amma belə olmadıqdan sonra mənə görə şanslar yenə də bərabərdir".
Qeyd edək ki, pley-off mərhələsinin "Qarabağ" - "Olimpiya" arasında cavab matçı avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.