"Böyük komandaları görmək xoşdur, amma onlara böyükhesablı məğlub olmaq riski də var"
Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Olimpiya" (Sloveniya) oyunundan (1:1) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Mediasport.az.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
- Futbolçuları, azarkeşləri təbrik edirəm. Gərgin oyun olsa da, nəticə qane etdi. Futbolçularım çox əziyyət çəkdilər, kiməsə irad bildirmək istəmirəm. Problemlərimiz var, amma bu gün qruplara vəsiqə qazanmaq vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, vacib olan onu qorumaqdır. Azarkeşlərimizi Avrokuboklardan ayırmadıq. Bəzi futbolçular üçün ilk təcrübə oldu. İnanıram ki, gələcəkdə daha yaxşı olacağıq.
Komandanın indiki durumundan nə dərəcə razısız?
- Bəzən düşünmədiyiniz şeylər olur və komandanı tam saxlamaq çətin olur. Vacib oyunçularımız zədələndi, daha yaxşı olmağımızı istərdim. Sıx qrafikdən sonra tək fiziki yox, həm də psixoloji yorğunluq, gərginlik var. İki-üç gündən bir oynamaq asan deyil.
Ardıcıl 10-cu dəfə qruplarda oynayacaqsız.
- Təcrübəmiz var. Sadəcə bu təcrübədən düzgün istifadə etmək üçün komandanın tam hazır, sağlam olması lazımdır. Vaxtımız olacaq. Bəzi oyunçuları geri qaytaracağıq. Görək sabah püşkatmada nə olur. Sonra dərindən fikirləşəcəyik.
Şahruddin Məhəmmədəliyev bir neçə oyundur kənarda qalır. Onu gözdən çıxarmısız?
- Xeyr. Şahruddin bizim oyunçudur, bəzən düşünmüədiyimiz şeylər olur. Ona görə komandada 4 qapıçı, 22 futblçu var. Rotasiya imkanımız var. Şahruddin növbəti oyunlarda meydanda ola bilər.
Yankoviçin durumu necədir?
- Ciddi bir şey yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Sabah tam bilinəcək.
Püşkatmadan gözləntiniz nədir? Hansı ölkənin klubu ilə qarşılaşmaq istəməzdiz?
- Məndə heç vaxt belə düşüncə olmayıb. Amma futbolun inkişafı, futbolu daha da sevdirmək üçün azarkeşlər böyük klubları burada görmək istəyir. Dəfələrlə bu hallar yaşanıb. "TOP-5" çempionatından olan komandaları burada görmək hər bir azarkeş üçün maraqlıdır. Rəqiblərdən asılı olmayaraq, narazılıq etməyəcəyik. Böyük komandaları görmək xoşdur, amma onlara böyükhesablı məğlub olmaq riski də var. Böyük komandalarla düşsək, narazı olmayacam.
"Rakuv" da rəqibiniz ola bilər. Bunu istəyərdiz?
- Belə fikrim yoxdur. Kim düşsə, yaxından tanıyıb, oynayacağıq.
Penalti epizodundan sonra geridönüş üçün ilkin variantlar ağlınızdan keçdi?
- Planlamadım. Amma bir anda hansısa fikirlər keçdi beynimdən, bir neçə variant düşündüm. İlk fikrim o idi ki, futbolçuları sakitləşdirim. Ümumən desəm ki, qlobal nəsə fikrim oldu, xeyr.
Hakim bu gün iki dəfə VAR-a getdi və xeyrinizə qərarlar çıxdı. Hakimlər "Qarabağ"a qarşı daha diqqətli olmağa başlayıb? Rəqib baş məşqçi ötən oyundan sonra hakimlərin böyük komandalara güzəştə getdiyini demişdi.
- Bilmirəm vallah. Bugünkü hakim çox böyük təcrübəyə malikdir. La Liqada 200 oyun idarə edib, "El Klasiko"da hakimlik edib. Hakimlər haqda o qədər də fikir bildirmirəm. Sadəcə VAR-ın bu tərəfləri də var. Hətta orada da düzgün qərar qəbul etmək bəlkə də asan deyildi. Rəqibin baş məşqçisinin sözlərinə fikir bildirmək istəmirəm. Başa düşürəm. Belə oyunda əgər elə epizodlar olubsa, istər-istəməz neqativ fikirlər olacaq. Mən də bu situasiyada olmuşam.
Hücum xəttində güclənmə olacaq?
- Ayın 5-nə kimi hansısa transferi həyata keçirməyə çalışacağıq. Danışıqlar gedir, baxırıq, nəzərdən keçiririk. 1-2 transfer etmək istəyərdik.
Bu dəfəki uğuru daha dəyərli hesab etmək olar?
- Hər il qruplarda oynamaq, belə uğur əldə etmək, həm rəhbərliyə, həm mənə, həm də futbolçulara əlavə məsuliyyət və inam verir. Baxmayaraq ki, çempionatda bizim böyük problemlərimiz olur. Amma böyümək üçün mütləq belə çətinlikləri düzgün analiz edib, düzgün qərar qəbul etməli və hazır olmalıyıq. Bu il özümdə də o hisslər daha çox oldu, sevincli idik. 10 rəqəmini tamamlamaq istəyirdik. Yəqin ki, hansısa illərdən mənim üçün daha önəmli oldu.
Növbəti arzunuz hansı rəqəmi tamamlamaqdır?
- Baxarıq. 13 edərik. (gülür)
Bəlkə hansısa düstur deyəsiz ki, digər klublarımız da bu cür uğurlar əldə etsinlər?
- Bu barədə danışmaq düzgün olmaz. Bir azərbaycanlı kimi istəyərəm ki, üzərimdə hansısa iş varsa, məsuliyyətlə yerinə yetirim. Digər klublarımızda da rəhbərlik, məşqçilər futbola, nəticəyə daha çox vaxt, yer ayırırlar. Bizim üçün də bu, daimi deyil. Futbol elədir ki, daim yerdəyişmələr olur. "Barselona" hər il eyni nəticələri əldə edə bilmir. Hansısa dönəm olur, problemlər yaşanır. Bəlkə, 3-5 ildən sonra biz olmayacağıq, digər klublarımız olacaq. Hamı futbola sevgisini çoxaldır, daha istəklidirlər. İnşallah, digər komandalarımız da Avropada yaxşı nəticələr əldə edəcəklər.