"Qarabağ" rəhbərliyi və Qurban Qurbanovdan "Difai Ağsu"ya JEST
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan “Difai Ağsu” klubunun prezidenti Asəf Məlikov “Qarabağ”ın direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanovla görüşüb.
Mediasport.az xəbər verir ki, Suraxanıda yerləşən bazada baş tutan görüş iki klub arasında əlaqələrin yaradılması və qarşılıqlı əməkdaşlığın əsasının qoyulması məqsədi daşıyıb.
Toplantıda futbolçu mübadiləsi, yoldaşlıq oyununun keçirilməsi müzakirə edilib.
Ağsu təmsilçisinin rəhbəri klubun fəaliyyəti və görülən digər işlər haqda məlumat verib, “Qarabağ”ın təcrübəsindən yayarlandıqlarını bildirib.
A.Məlikov “Qarabağ”ın rəsmilərini və Qurban Qurbanovu “Difai Ağsu”nun oyunlarına dəvət edib.
Qurban Qurbanov da öz növbəsində komandanın kollektivi ilə ötən ilin aprelində keçirilən görüşü xatırladaraq 1-ci Liqanın gedişatıyla yaxından maraqlandığını deyib. Təcrübəli mütəxəssis “Difai Ağsu”nun məqsədlərinə çatacağına inandığını vurğulayıb.
Ağdamlıların baş məşqçisi “Qarabağ”ın Qarabağ qazilərinin təmsilçisi olan klubla əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib və bildirib ki, bu əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcək.