Bu dünyadan bir Banişevski keçdi...

Bu dünyadan bir Banişevski keçdi...

Bu gün Azərbaycan SSRİ-nin və "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin anım günüdür.

“Marakana” stadionunda Braziliya yığmasının qapısına qol vurmuş dünya üçüncüsü 1997-ci il dekabrın 10-da uzun sürən xəstəlikdən dünyasını dəyişib.

1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Banişevski artıq 15 yaşı olanda SSRİ-nin ən istedadlı və mahir futbolçularından sayılıb.

Onun 17 yaşında SSRİ-nin əsas milli komandasına qəbul edilməsi təsadüfi olmayıb. Banişevski karyerası ərzində 100-dən çox qol vurub.

A.Banişevski “Neftçi”nin heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.

1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə Dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb.

SSRİ yığmasında ən çox oyun keçirmiş "Tolik" 49 oyunda 19 dəfə adını tabloya yazdırmağı bacarıb.

SSRİ-nin Əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan A.Banişevski “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb.

Afrika ölkəsində işlədiyi zaman ağır xəstəliyə tutulan A.Banişevski 51 yaşında vəfat edib.

O, ölümündən bir il əvvəl “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

MEDİASPORT.AZ