"Bu görüşə ciddi yanaşmasaq, nəticəsi heç də yaxşı olmayacaq"
"NTD-İndiqo" basketbol komandasının üzvü Qriffin Remmi klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, heç bir rəqibdən qorxmadıqlarını deyib:
"Sonadək mübarizə aparırıq. Məşqdə tam güclə işləməsək, titul şansımız yoxdur. Amma çalışsaq, çempion olarıq. Hazırkı çempion "Sabah" həmişə xüsusi hörmətə layiqdir, çünki onlar bizim istədiyimizə nail olublar. Ancaq heç kimdən qorxmuruq".
Qriffin çempionatın 11-ci turunun "Sabah"la matçından da (79:83) söz açıb:
"Bundan sonra ikili hisslər keçirirəm. Bir tərəfdən qələbə qazana bilmədiyimizə görə məyusuq. Digər tərəfdən oyunda göstərdiyimiz cəsarət və xarakterlə fəxr edirəm. Bu mövsüm üçün böyük gözləntilərimiz var. Hər oyunda rəqibdən asılı olmayaraq, qalib gəlmək şansımızın olduğunu başa düşürük. Bu, bizim üçün yaxşı təcrübə idi".
Remmi yarışın 12-ci turunun "Gəncə" ilə matçını dəyərləndirib:
"Mövsümdə çox vacib mərhələ başlayır. Növbəti üç oyun pley-off uğrunda mübarizə baxımından çox vacibdir. Jared və Elşad Şirzadovun yoxluğunda işimiz daha da çətinləşir. "Gəncə" çox təhlükəli rəqibdir. Bu görüşə ciddi yanaşmasaq, nəticəsi heç də yaxşı olmayacaq. Rəqibin turnir cədvəlindəki mövqeyi bizi aldatmamalıdır. Çünki son matçlarda yaxşı təsir bağışladılar. Onların məşqçisi yaxşı iş görür. "Gəncə" çox ciddi rəqibdir".